“İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan əhalisi arasında depresiya halları çoxalıb”.
Missiya.Az xəbər verir ki, bu barədə erməni Psixoanaliz Dərnəyinin direktoru və psixoloq Artir Tonoyan danışıb. O, Azərbaycanla müharibədən sonra Ermənistanda psixoloji müalicə müəssisələrinə müraciət edənlərin sayının kəskin artdığını deyib.
“Müharibə insanlarda psixoloji gərginlik yaradıb. Ermənistanda antidepressant dərmanların satışı kəskin artıb. Dəlixanalara da kütləvi axın var. Artıq müalicə müəssisələrinin müvafiq şöbələrində çarpayı çatışmazlığı yaşanır. İndi yaşadıqlarımız psixoloji mütəxəssislər üçün çox anlaşılmaz vəziyyətdir. Heç vaxt belə kütləvi psixoloji problemlərlə qarşılaşmamışıq. Çünki müharibə ilə bağlı təcrübəyə sahib deyilik. Psixoloji problemi olanların ölüm riski yüksəkdir”.
Tonoyan bildirib ki, erməni həkimlərin müharibənin psixoloji təsirlərini aradan qaldırmaq üçün təcrübəsi yoxdur:
“Mənim təcrübəm var. Öncədən həbsxalalarda çalışmışam. Ancaq müharibənin travması tam başqadır. Həkimlərə də təsir edə biləcək qədər sərtdir. Yeni bir müharibəyə hazır deyilik. Erməni rəsmilər əvvəllər psixoloji yardımın önəmini heçə saydılar. Bu dəfə isə yardım istəyən dövlət oldu”. Psixiatr Arsen Mekinian isə deyib ki, müharibənin yaratdığı psixoloji gərginliyi 50 il müddətinə yox etmək olacaq.
“İnsanların, ölkənin bu travmanı silməsi üçün 50 il lazımdır. Savaşda olan əsgərlər və mülki şəxslər üçün təcili psixoloji yardımlar həyata keçirilməlidir”. Qeyd edək ki, müharibə zamanı Ermənistan ordusunun 7-9 min itki verdiyi, 10 mindən çox əsgərinin yaralandığı, 3.8 milyard dollarlıq hərbi texnika itirdiyi barədə məlumatlar var.
Elvin
Missiya.Az