AZ   |   RU
“Rusiya üçüncü Çeçen müharibəsinə başlaya bilər” - Əhməd Zakayev

“Rusiya hakimiyyəti indi Çeçenistan rəhbəri Ramzan Kadırovu öldürməyəcək, çünki ona hələ də ehtiyacları var”.


Missiya.Az “UNİAN”a istinadənxəbər verir ki, bunu İçkeriya-Çeçen Respublikasının Londonda mühacir həyatı yaşayan baş naziri Əhməd Zakayev “Bild” qəzetinin Kadırovun “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojindən sonra növbəti hədəf ola biləcəyi ilə bağlı məlumatını şərh edərkən deyib.


"Onların Kadırova hələ də ehtiyacı var. Nə qədər ki, kollektiv Putin var, Kadırov da var. Çünki o, hər zaman mütləq sədaqətini nümayiş etdirəcək və hər zaman Çeçenistanın özündə cəmiyyətimizi daxildən məhv edən işlər görəcək. Onun vəzifəsi sadiq olmaqdır", - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, Kadırov sistem üçün faydalıdır, çünki o, çeçen cəmiyyətini məhv edir. 


“Kadırov və onun ətrafı bu gün bizim çoxəsrlik çeçen adət və ənənələrimizi məhv edir”, - deyə siyasətçi qeyd edib.


Eyni zamanda, İçkeriya Çeçenistan Respublikasının hökumət başçısı bildirib ki, Rusiya hakimiyyəti Ukraynada uduzduqları zaman Üçüncü Çeçen Müharibəsini yenidən başlada bilər:


"Rusiya Ukraynadakı müharibədə məğlub olsa, Çeçenistanda üçüncü müharibəni başladacaqlar. Bu müharibəyə başlamaq üçün bəhanə isə Kadırov və onun ətrafı olacaq", - deyə Zakayev əlavə edib.

 



Daşqın Həsənov
Missiya.Az



  • 1-09-2023, 15:06