Almaniya hökuməti qaz qiymətlərinin ən azı 2027-ci ilə qədər yüksək qalacağını gözləyir.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Nazirlər Kabinetinin təsdiq etdiyi hesabatda deyilir.
İqtisadiyyat Nazirliyinin təhlilinə görə, iyunun sonundakı forvard qiymətləri qarşıdakı aylarda topdansatış bazarlarında 1 meqavatt/saat üçün 50 avroya (54,62 ABŞ dolları) qədər artım ola biləcəyini göstərib. Gözləntilərə görə, vəziyyətin normallaşması və böhrandan əvvəlki səviyyəyə qayıtması 4 il ərzində mümkün olacaq. Proqnoz 2027-ci ilin əvvəlinə qədər qaz çatışmazlığı riskini qeyd edən Almaniyanın qaz saxlancı operatorlarının təxminlərinə uyğundur.
Hesabatda qeyd edilir ki, Avropanın sənaye mərkəzi olan Almaniya keçən il Rusiya qazının tədarükünün kəsilməsindən ən çox zərər çəkən ölkələrdən biri olub və potensial problemləri ilkin mərhələdə müəyyən etmək üçün bazardakı hadisələri izləməyə davam edəcək. Belə risklərin azaldılması tədbirləri arasında bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, LNG terminalları və hidrogen infrastrukturunun yaradılması daxildir.