Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə "IV Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Forumunun ikinci günü sessiyalarla davam edir.
Missiya.Az Report-a istinadən xəbər verir ki, sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.
Forumda Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx nümayiş olunub.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qlobal Media Forumunun əhəmiyyətini vurğulayıb, bu mötəbər tədbirin Şuşada keçirilməsinin təsadüfi olmadığını qeyd edib.
Azərbaycan Milli Mətbuatının keçdiyi 148 illik şərəfli tarixi yoldan danışan Prezidentin köməkçisi forumun işinə uğurlar arzulayıb.
Forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.
Tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.
Forum işini iyulun 23-də yekunlaşdıracaq.