AZ   |   RU
Erməni əsgərinə atəşkəsi pozmaq əmrini kim verir? - Ermənistan hakimiyyətində parçalanma

Son günlər Ermənistan silahlı qüvvələri sərhəddə atəşkəsi intensiv şəkildə pozmağa başlayıb. Azərbaycan hərbçiləri arasında ölən və yaralanan olmasa da, təbii ki, Bakı, Moskva və İrəvan arasında imzalanan üçtərəfli 10 noyabr bəyanatından sonra, belə halların baş verməsi ciddi narahatlıq yaradır. 10 noyabr bəyanatına əsasən hərbi əməliyyatlar tam dayandırılmalı və tərəflər üzərlərinə atəşkəs rejiminə əməl edəcəkləri ilə bağlı öhtəlik götürürlər. Azərbaycan bütün öhtəliklərinə tam şəkildə əməl etsə də, Ermənistan üçün bunu demək olmaz.

Biabırçı məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyi yenə müharibə istəyir yoxsa təxribatları ordunun tərkibində hələ də fəaliyyət göstərən “revanşistlərə” yaxın qruplar törədir?

Azərbaycan-Ermənistan dövlət sərhəddində atəşkəsin pozulmasının səbəblərini Missiya.Az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, baş nazir Nikol Paşinyanın Azərbaycanla bir neçə sənəd imzalaması ordunun daxilindəki bir çox generalları narahat edir.

Sitat: “Bu səbəbdən, seçkilərdən əvvəl Ermənistan ordusunun generalları baş nazir Nikol Paşinyana qarşı bəyanat imzalamışdılar. İndi də Paşinyana siyasi zərbələr vurmaq üçün təxribatçı əməllər törədirlər. Çünki onlar əmindirlər ki, Azərbaycan bu təxribatlara gec-tez cavab verəcək. Azərbaycanın cavabı Ermənistan əsgərinin növbəti məğlubiyyəti ilə nəticələnəcək. Bundan sonra generalları dəstəkləyən Köçəryan, Sarkisyan və Ovanasyan kimi cəlladlar sərhəddə baş verənləri bəhanə edərək, Paşinyana qarşı bəyanatlar səsləndirməyə başlayacaqlar. Belə bir təsəvvür yaradacaqlar ki, Nikol Paşinyan Ermənistanı idarə edə bilmir” - sitatın sonu. 

Ədalət Verdiyev bildirib ki, bu təxribatların Ermənistanın siyasi və ya hərbi rəhbərliyi tərəfindən törədilməsinin Azərbaycan üçün heç bir fərqi yoxdur.

Sitat: “Ümumiyyətlə, Ermənistanın Azərbaycanla sərhəddə atəşkəsi intensiv şəkildə pozması bir daha göstərir ki, bu ölkənin silahlı qüvvələrini idarə edənlərlə siyasi rəhbərlik arasında ciddi problemlər var. Bizim üçün əsas olan odur ki, atəş Ermənistan ərazisindən Azərbaycan əsgərinə qarşı açılır. Azərbaycan ordusunun mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğu bir zamanda darmadağın olmuş Ermənistan ordusunun əsgərlərinin atəşkəsi pozması heç bir halda qəbuledilən deyil. Bu, sonsuza qədər davam edə bilməz. Azərbaycan ordusunun belə təxribatçı addımlara qarşı cavab vermək üçün imkanı və potensialı var. Xatırladım ki, Ermənistan ordusu 44 günlük müharibə zamanı Azərbaycana qarşı bir neçə saat müqavimət göstərdikdən sonra əməliyyatların ilk günü 8 kəndi, 44 gün ərzində isə 10 min kv-km ərazini tərk etmək məcburiyyətində qalmışdı. Düşünürəm ki, müvafiq qurumlar bu cür təxribatlara adekvat cavab vermək üçün təcili tədbirlər görəcəklər” - sitatın sonu. 

Elvin Məmmədov
Missiya.Az


  • 29-06-2021, 13:57