Azərbaycan Respublikasının ərazi bütövlüyü və onun müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin ailələrinə, habelə sağlamlığını itirən şəxslərə dəstəyin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında yaradılan “Dəstək” fondunun himayəçilik şurasının ilk iclası keçirilib.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov bildirib ki, iclasın gündəliyində “Dəstək” Fondunun bu günə qədərki fəaliyyətinin müzakirəsi, ilkin olaraq təqdimatı, habelə gələcəkdə nəzərdə tutulacaq işlərin təhlili, dəstək fondunun dayanıqlığının yaradılması istiqamətində istər ianələrin cəlb olunması, istərsə də fondun vəsaitlərinin istifadə olunması imkanlarının qiymətləndirilməsi nəzərdə tutulub.
İclasda şəffaflığın təmin olunması üçün əhalinin həssas qrupuna fond tərəfindən göstərilən dəstəyin mediada geniş işıqlandırılması, fondun fəaliyyəti barədə videoçarxların, media materiallarının hazırlanması təklif edilib. Həmçinin fondun maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə ünvanlı müraciət formasından istifadə etmək barədə də fikir mübadiləsi aparılıb.
İclasda, həmçinin Fondun ümumi fəaliyyəti ilə bağlı slaydlar vasitəsilə hesabat təqdimatı olub. Himayəçilik şurasının digər üzvlərinin təklifləri dinlənilib, birgə müzakirə və fikir mübadiləsi aparılıb, verilən təkliflər əsasında tədbirlər planıının hazırlanması qərarlaşdırılıb.
Qeyd edək ki, Himayəçilik şurası bu ilin iyul ayından təşəbbüs əsasında yaradılıb və Naxçıvan Muxtar Respublikasında ictimai nüfuzu olan şəxslərdən ibarət 7 nəfərdən ibarətdir. “Dəstək” Fondunun fəaliyyəti barədə ətraflı məlumat almaq üçün destekfondu.nmr.az saytına daxil olmaq lazımdır.