"Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı-bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib".
Missiya.Az xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi naharda söyləyib.
Baş nazir 2010-cu ildə Azərbaycana tərəf getmək qərarına gəldiklərini bildirərək deyib ki, Prezident İlham Əliyevlə və birinci xanımla dostluğu məhz o vaxta təsadüf edir.
“Bilirsiniz ki, macar tarixçilərinin fikrinə görə Avropa dağlarının şərq tərəfindən uzun səfərimiz zamanı biz çağdaş Azərbaycanın ərazisində müəyyən vaxt keçirmişik. Məhz buna görə biz Prezident Əliyevin Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvü olaraq qoşulmasını dəstəklədiyinə görə minnətdarıq. Çünki iki ölkə arasında mədəni oxşarlıq var. Bu, o qədər də açıq-aşkar deyil. Çünki biz müəyyən vaxtda xristian olduq, lakin Azərbaycan öz müsəlman kimliyni qoruyub saxlaya bildi”, - Viktor Orban vurğulayıb.