Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, göyərtəsində Azərbaycanın İrandakı səfirliyinin təxliyə edilmiş əməkdaşlarının və onların ailə üzvlərinin də olduqları təyyarə saat 22:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Xatırladaq ki, yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə qarşı xain terror hücumu törədib. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb. Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunun üzərinə atılaraq, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah edib.
Qeyd edək ki, terrorçu tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağı istisna edilmir.
Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqədar dərhal tviter hesabında paylaşım edərək bu xain terror aktını şiddətlə qınayıb, hücumun tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edib. Azərbaycan Prezidenti diplomatik nümayəndəliklərə qarşı terror hücumunun qəbuledilməz olduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanatında baş verənlərin terror aktı olduğunu qeyd edib və bu hücumla bağlı hərtərəfli təhqiqat aparılması və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Səfirliyimizə xain hücum dünya ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənib və qəbuledilməz hesab olunub. Bəyanat, açıqlama və paylaşımlarda terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilib.