AZ   |   RU
Dövlətimiz və xalqımız rəsmi Tehrandan obyektiv araşdırma gözləyir

İrandakı molla rejimi həmişə terror yuvası olub, bu gün də terrora dəstək verən əsas ölkələrdən biridir. Bu ölkənin terrorçuluğa dəstək və terrorçuluğun təşkili sahəsində özünəməxsus təcrübəsi var.

Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Komitə sədri İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanətin olmadığını diqqətə çatdırıb: “Əgər belə deyilsə, o zaman sadə bir sual ortaya çıxır. Bəs terrorçunun hücumu zamanı səfirliyin mühafizə xidməti harada idi? Axı, hər bir dövlət öz ərazisindəki diplomatik korpusları qorumağa borcludur. Səfirliyə yaxın ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib. Səfirliyin azərbaycanlı mühafizəçiləri hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşları qətlə yetirilə bilərdi. Azərbaycan səfirliyinə hücum və səfirliyin mühafizə xidmətinin rəhbəri olan vətəndaşımızın həlak olması bizi həddən artıq hiddətləndirir. Dövlətimiz və xalqımız rəsmi Tehrandan obyektiv araşdırma gözləyir”.

Q.Paşayeva bildirib ki, hadisəni törədən terrorçunun guya erməni olması ilə bağlı deyilənlər İran xüsusi xidmət orqanlarının əvvəlcədən düşünülmüş ağ yalanıdır. Əslində, səfirliyə hücum edən terrorçu İran vətəndaşı Yasin Hüseynzadədən başqası deyil və Yasinin məhz İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəsi olduğu deyilir.

“İran hökumətinin hadisəyə səbəb olan terrorçunu hədəfdən yayındırması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırması qəbuledilən deyil. Güman edirik ki, İran özündə siyasi iradə tapacaq və Azərbaycan səfirliyinə qarşı törədilən hücumla bağlı konkret addımlar atacaq”, - deyə Qənirə Paşayeva qeyd edib.


  • 28-01-2023, 22:56