Binəqədi rayon Mərkəzi Mədəniyyət Evində şəhid Muxtar Qasımlının xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Missiya.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Qəhrəman Muxtar Qasımlı” adlı sənədli film nümayiş olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Vətənimizi qoruyan, uğrunda canından-qanından keçən igid oğul və qızlarımızın xatirəsini yad etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Ən uca və müqəddəs zirvəni - şəhidlik zirvəsini fəth edənlərin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq. Çıxışlarda şəhidin şərəfli ömür və döyüş yolundan bəhs edilib.
Sonda Binəqədi rayon 182 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında şəhid Muxtar Qasımlıya həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.