AZ   |   RU
Türkiyə və ABŞ-ın İŞİD-ə qarşı birgə maliyyə əməliyyatının təfərrüatları məlum olub

Türkiyə qanunsuz maliyyə qaynaqlarnıa qarşı araşdırma və əməliyyatlarla terrorla mübarizəni davam etdirir. İraq və Suriyadan İŞİD terror təşkilatına pul köçürənlər diqqət mərkəzinə alınıb. Bu kontekstdə bəzi əsas fiziki və hüquqi şəxslərin aktivləri dondurulub.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “TRT Haber” yazıb.

Bildirilib ki, Maliyyə Cinayətlərinin Təhqiqatı Şurası terror təşkilatı İŞİD-ə növbəti zərbəni endirib. Belə ki, terror təşkilatının maliyyə resurslarını böyük ölçüdə təmin edən şəbəkənin başında duran şəxslərin aktivləri dondurulub. Bunlar İraq vətəndaşları Brukan əl-Hatuni və onun oğulları Məhəmməd və Ömər Abd əl-Həmiddir.

Əl-Hatuni və oğullarının 2021-ci ildə Mersində pul köçürmə şirkəti ilə əlaqə saxladıqları aşkarlanıb. Onların İŞİD-ə 500 min dollardan çox pul göndərilməsinə təşəbbüs göstərdikləri bəlli olub.

Məlum olub ki, əl-Hatuni sonradan bu pul köçürmə şirkətini satın alıb və adını dəyişərək “Wadi Alrrafidayn” qoyduğu ortaya çıxıb. İŞİD-in maliyyə əməliyyatlarına şərait yaradan Luay Casim Hammadi əl-Cuburinin aktivləri də dondurulub.

Qeyd olunub ki, əməliyyatlar Türkiyə və ABŞ tərəfindən birgə gerçəkləşdirilib. 2 şirkətin təşkilata maliyyə vəsaiti təmin etmək üçün istifadə edilən aktivləri də dondurulub.

Onlardan biri “Wadi Alrrafidayn Foodstuffs”, digəri isə “Sham Express”dir. 2 şirkətin Türkiyə, Suriya və İraq arasında İŞİD-in maliyyə əməliyyatlarını asanlaşdırmaq üçün qanunsuz pul köçürdüyü və təşkilata kömək məqsədilə qurulduğu aydın olub.

ABŞ Maliyyə Nazirliyi də öz rəsmi saytında sözügedən proseslər barədə bildirib.

“ABŞ və Türkiyə İŞİD-in maliyyələşdirilməsini dayandırmaq üçün birgə hərəkətə keçib”.

Nazirliyin açıqlamasında təşkilatın maliyyə şəbəkəsində aktivləri dondurulmuş şəxslərin mühüm önəm kəsb etdiyi vurğulanıb.


  • 10-01-2023, 23:24