"Ermənistan nəhayət anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır".
Missiya.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Prezident bildirib: "Son bir il ərzində - mart ayından bəri biz üç dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir".
“Artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq üç dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanın üçüncü müharibəni başlamaq fikri olmadığını qeyd edən Prezident İlham Əliyev deyib ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası geniş vüsət alır: “Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək”.