"Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa, heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar".
Missiya.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.
"Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər", - deyə dövlət başçısı Ermənistan tərəfinə xəbərdarlıq edib.