AZ   |   RU
Leyla Əliyeva Bakıda “Bizim həyət” layihəsi çərçivəsində növbəti həyətin açılışında iştirak edib

Dekabrın 27-də Bakıda IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.

Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, uşaqlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhvali-ruhiyyəsi yaradıb, onlara sevinc dolu anlar bəxş edib.

Yenilənmiş həyət Xətai rayonu, 8 Noyabr prospektində, Cavanşir və Xaliq Əzizzadə küçələrində 8 hektar ərazidə 3 min 145 nəfər sakinin yaşadığı çoxmərtəbəli 10 binanı əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü 2 mini futbol stadionu, 2 şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 12 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 2 min 650 ədəd müxtəlif cinsli ağac və kollar əkilib, 4 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və havanın çirklənməsini səmərəli şəkildə azalda bilən adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” yaradılıb.

Sözügedən layihə çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

  • 27-12-2022, 21:24