AZ   |   RU
Şəbnəm Tovuzlunun müəmmalı İran səfəri - Müğənnidən mollalara çadralı dəstək - FOTOLAR

Heç bir qeyri-adi istedada və dərin yaradıcılıq gücünə sahib olmayan, yalnız xalqın pulu ilə özünə şan-şöhrət, maddi imkan və məşhurluq qazanan Şəbnəm Tovuzlunu  görməyə alışıq olduğumuz dəniz qumlarından və çimərlik geyimindən bir anda çarşaba bürünərək, İran “Qumu”nda peyda olması ölkə mətbuatında kifayət qədər çaşqınlıq yaratdı. Özünün instagram hesabında səfərlə bağlı paylaşım edən Şəbnəm, “Xanım Məsuməni sevərək ziyarət etmək hər bir bəndənin arzusudur. Ailəmlə birgə mənə də nəsib oldu. Rəbbim, sənə çox şükür”sözlərini yazıb.
 
Şəbnəmin bir müsəlman kimi dini ziyarətgahlara getməsinə heç kəs bir söz demir. Amma istər-istəməz bir sual ortaya çıxır ki, ay bu “xalqın müğənnisi” sənin ölkədə gedən proseslərdən, getdiyin ölkənin sənin ölkənə olan münasibətindən xəbərin yoxdur?
 
Çox yox, bir neçə gün bundan əvvəl İranın Azərbaycana qarşı təxribatları nəticəsində az qala müharibə həddinə çatmış münasibətlərdən xəbərsiz bu “Oxuyan”nın belə bir dövrdə müsəlman damarının tutması çox istərdik ki, savadsızlığından, avamlığından baş versin. Çünki, başqa versiyaları düşünmək belə istəməzdik. Baxmayaraq ki, artıq Şəbnəmin İran səfərini hüquqi müstəviyə daşımaq istəyənlər də var. Mən “Oxuyan” deyəndə gərək kimsə mənə hiddətlənməsin. Çünki, bu xalqın müğənnisi Şövkət Ələkbərova, Sara Qədimova və adını sadalamadığım görkəmli mədəniyyət simalarıdırsa, əlbəttə ki, “Oxuyan”ı da Şəbnəm və Şəbnəmkimilər olacaq. Burada bir sataşma və yaxud kiminsə istedadını, sənətini pərdələməkdən söhbət belə gedə bilməz.
 
İranın Azərbaycana qarşı ərazi iddialarının ucadan səsləndiyi, İran xarici kəşfiyyat orqanlarının ölkəmizdə ifşa olunması, İranın ölkəmizə qarşı əsassız ittihamları fonunda “oxuyan”ın həmin ölkəyə getməsi sosial media istifadəçilərinin Azərbaycan seqmentində haqlı narazılığa səbəb oldu.
 
Mən istəməzdim bu sözləri deyim. Mən Şəbnəmin oxuyub –yazmasına şübhə etsəm də dəqiq deyə bilmərəm. Lakin görünən odur ki, bu “Oxuyan” xanımın xalqının taleyi ilə bağlı istənilən sahədə və mövzuda zərrə qədər məlumatı və yaxud təsəvvürü mövcud deyil. Bax, elə bu səbəbdən də bu insan  hardan bilsin ki, ölkədə nə baş verir?
 
Maraqlısı isə budur ki, həyatı ancaq toylarda  və əyləncələrdə keçən Şəbnəm bilməyərəkdən belə bir mürəkkəb dövrdə İrana səfər edib, yoxsa dini inancları onu bu səfərə sövq edib?. 
 
Digər bir tərəfdən bəzi vətəndaşların bu hadisəni  DTX-nın diqqətinə təqdim etməsinə isə bizim hər hansı şərh verməyimiz düzgün olmaz.
 
Aqil Musa
Missiya.Az




  • 26-12-2022, 19:38