Fransanın Azərbaycana qarşı qərəzli münasibəti Emmanuel Makronun simasında növbəti dəfə nümayiş olundu. O, beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi çağırışı ilə çıxış edib.
2020-ci ilə qədər ATƏT-in Minsk Qrupu çərçivəsində həmsədrlərdən biri kimi, münaqişənin həll olunmamasına çalışan rəsmi Parisin Qafqazada min bir hiylə ilə xanıman qurmaq xəyalı Azərbaycanın Vətən müharibəsindəki böyük qələbəsindən sonra iflasa uğradı. Bu iflas Minsk Qrupunun fəaliyyətinin dayandırılmasına səbəb oldu.
İşğalçı Ermənistanın hücumlarının qarşısını almaq məqsədilə Azərbaycanın iki il öncə 44 gün ərzində apardığı əks hücum xarakterli döyüşlərin məhz haqqın, ədalətin, sülhün bərpasna, regionda terrorçuluğun kökünün kəsilməsinə xidmət etməsinə baxmayaraq, Makron hakimiyyətinin etirazı ilə qarşılanmışdı. Parisdən ünvanlanan bəyanatların, açıqlamaların məzmunu terrorçuluğun dəstəklənməsi mənasını verirdi. Regiona münasibətdə belə mövqe sərgiləyən dövlət təbii ki, Qafqazda söz sahiblərindən biri olmaq istəyini heç bir vəclə gerçəkləşdirə bilməzdi. İndiki durumu ilə barışmaq da Fransa üçün çətindir. Azərbaycan və Türkiyənin birgə liderliyini həzm etməyi bacarmayan, reallıqla barışmaq gücündə olmayan Fransa Prezidenti daha bir cəhd göstərərək Qarabağda sərhəd missiyasının yerləşdirilməsinə çalışdı. Təbii ki, rəsmi Bakıdan aldlğı “belə bir qüvvəyə ehtiyac yoxdur” məzmunlu cavab onu yeni variantlar düşünməyə vadar edir, qurduğu planlarsa bir-birinin oxşarı olur.
Daha bir məntiqsiz fikir səsləndirən Makron humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi təklifi ilə çıxış edib. Hansı əsasla? Fransa Prezidenti bu suala heç vaxt cavab verə bilməz. Məhz ona görə ki, belə bir əsas yoxdur. Birincisi, Qarabağ Azərbaycanın suveren ərazisidir, ölkənin razılığı olmadan o yurda qədəm qoymaq mümkünsüzdür.
İkincisi, Qarabağ İqtisadi rayonunun Xankəndi şəhərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının humanitar böhrana məruz qaldıqlarını özündə əks etdirən bircə fakt belə yoxdur.Üçüncüsü, Azərbaycan öz vətəndaşlarının problemlərini həll etməyə qadirdir. Erməni quldurlarının Qarabağ ərazisində sərvətlərimizi talamasına qarşı Laçın- Xankəndi yolunda keçirilən aksiya başladığı andan bu günə qədər həmin yol humanitar xarakterli gediş-gəliş üçün açıq olub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayəti ilə rus sülhməramlıların maşınları, təcili tibbi yardım avtomobilləri o yolda hərəkətdədir. Ermənilər Laçın- Xankəndi yolundan dinc məqsədlərlə istifadə edə bilərlər, sadəcə onları Vardanyan və Arutunyan cütlüyünün rəhbərlik etdiyi silahlı dəstələr girov saxlayaraq, böhrana məruz qaldıqları görüntüsü yaratmağa cəhd göstərirlər. Qarabağ iqtisadi rayonu ərazisində yaşayan ermənilərin sayını dəfələrlə çoxaldanlara faktların təqdimatında riyazi cavab verilib. Onların sayının 120 min deyil, ən çoxu 26 min civarında olduğuna aydınlıq gətirilib. Xankəndidə yaşayan ermənilərin sayı 11-12 mindən çox deyil. Faktyoxla.az saytı bu mövzuda dəqiq araşdırma apararaq belə qənaət gəlib.
https://faktyoxla.az/az/news/view/2202/qarabag-iqtisadi-rayonunda-120-min-ermeni-yasayir.Dördüncüsü, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidə ofisi var. Komitə orada yaşayan əhalinin humanitar böhranla üzləşdiyinə dair hər hansı açıqlama ilə çıxış etməyib. Belə vəziyyət yaranacağı təqdirdə Komitə vasitəsilə problemi aradan qaldırmaq mümkün olduğundan Fransanın səylərinə ehtiyac yoxdur. Bu mənada Fransanın Ermənistanla birgə hazırladığı məkrli planın Qarabağ üzərində tətbiqi baş tutmayacaq.
Beşinci, BMT Nizamnaməsində humanitar dəstəyin mexanizmləri aydın göstərilib. Humanitar missiyanı ölkənin özü dəvət etməlidir. Altıncı, Fransa ermənilərə dəstək göstərmək istəyində səmimidirsə, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına çalışsın.
Jurnalist Ekspert Mərkəzi