AZ   |   RU
İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Missiya. AZ
AZƏRTAC-a istinadən  xəbər verir ki, dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verildi.
Sonra Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə giriş nitqi söylədi.
Prezident İlham Əliyevin giriş nitqi
- Mən ikinci dəfədir ki, bu binadayam. On iki il bundan əvvəl binanın açılışında iştirak etmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və ovaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik.
Bildiyiniz kimi, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.
Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar.
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.
Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.
Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.
O vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.
Yəni, görün, cəmi iki il ərzində xalqımızın başına nə qədər böyük bəlalar gətirildi. Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan.
məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək.
Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik.
Bu il başa çatır. İl ərzində bir çox önəmli hadisələr baş vermişdir. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Bax, özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq.
konvensiyalarda təsbit edilmiş hüquqdur.
Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Məsələn, indi bunu artıq dünyada da bilməyə başlayırlar və sual olunur, - bu sualı biz qoymuşuq, Azərbaycan nümayəndələri, bu məsələ ilə məşğul olan insanlar qoyublar, - indi göstərin görək İrəvanın tarixi mərkəzi haradır? Haradadır İrəvanın tarixi mərkəzi? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir. Haradadır bunun tarixi mərkəzi?
konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır. Əlbəttə ki, mütləq digər təkliflər də olacaq. Mən, sadəcə olaraq, bu gün bu görüş əsnasında gələcək fəaliyyətinizlə bağlı öz fikirlərimi bölüşmək istərdim.
Əlbəttə ki, mən sizdən də təkliflər gözləyəcəyəm. İcma həm öz imkanları daxilində, həm də Azərbaycan dövlətinin dəstəyi ilə bu işlərə, necə deyərlər, böyük yer verməlidir. Əminəm ki, biz buna nail olacağıq.
Bir daha onu da bildirməliyəm ki, bu yer icma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah.

  • 24-12-2022, 17:48