AZ   |   RU
“Nə Qərb, nə də Rusiya Azərbaycanla konfliktə getmək istəmir, çünki daha dərin maraqlar var” – Ermənistan təklənmiş vəziyyətdə

“Nəzərə alsaq ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasında Laçın dəhlizinin bağlanmasına  dərhal son qoyulması ilə bağlı konsensus var idi, deməli, Ermənistan nümayəndəsi ciddi sənəd olacaq qətnamənin qəbuluna nail ola bilərdi. Lakin bu, baş vermədi”.

Missiya.Az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunuə Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan jurnalistlərə açıqlamasında deyib. 

Onun fikrincə, qətnamə qəbul olunsaydı bu, Laçın dəhlizi məsələsini beynəlxalq hüququn elementinə çevirəcək və uzunmüddətli perspektivdə mühüm təsir imkanları yaradacaqdı: 

“Lakin bu niyə edilmədi sualına indiyədək cavab verilməyib. Səbəb isə həqiqətdən uzaq olmayan hakimiyyətin peşəkarlığının zəifliyi ola bilər. Səbəb həm də onunla bağlı ola bilər ki, hakimiyyət müəyyən ölkələrlə razılığa gəlib və bu ölkələr belə təzyiqlərin Azərbaycan üçün çox böyük olacağını bildiriblər. Amma biz hələ də heç bir həll yolu görmürük” – deyə, Zurabyan qeyd edib.  

Erməni Milli Konqresinin sədr müavini izah edib ki, Qərb Azərbaycanı iqtisadi sanksiyalar və müqavilələrdən imtina ilə hədələyə bilərdi: 

“Lakin bu baş vermir, çünki daha dərin maraqlar var.  Qərb enerji bazarında alternativ tərəfdaşlar axtarır. Bu da Bakı ola bilər. Rusiya da öz növbəsində Azərbaycanla sərt qarşıdurmaya getmək istəmir, gedə bilməz, çünki Rusiya Federasiyası bunun hərbi toqquşmaya səbəb ola biləcəyini başa düşür. Bu isə bu gün Ukrayna hadisələri fonunda  Rusiya üçün böyük əhəmiyyət kəsb edən Türkiyə ilə münaqişəyə gətirib çıxaracaq. Biz həm Rusiyadan, həm də Qərbdən narazı ola bilərik, amma dünyada müttəfiqimizin və milli məsələlərimizlə bağlı məsələləri bizimlə həll etməyə hazır bir qüvvənin olmamasının səbəblərini anlamaq lazımdır. Bunlar hakimiyyətin qeyri-adekvat siyasətinin nəticəsidir”.

Elcan 
Missiya.Az


  • 24-12-2022, 14:14