AZ   |   RU
"İndi ruslar Laçın dəhlizinə nəzarəti itiriblər və yol tamamilə Azərbaycanın ixtiyarındadır" - Erməni ekspert

"Azərbaycanlılar Laçın dəhlizini adi yola çevirərək, istədiklərinə nail oldular. Bir müddət sonra Azərbaycanın güc strukturlarının nümayəndələri yola nəzarət edəcəklər".

Missiya.Az
"Hraparak" qəzetinə istinadən xəbər verir ki, bunu erməni ekspert Avetis Babacanyan deyib.

"Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlıları da başa düşürlər ki, əgər yola nəzarəti Azərbaycanla bölüşsələr, onların rolu xeyli azalacaq, mövcudluğu mənasız olacaq. Təsəvvür edin ki, rus əsgəri kiməsə o yolu keçməyə icazə verir, Azərbaycan əsgəri isə bundan imtina edir. İndi ruslar yola nəzarəti tamamilə itiriblər. onlara təsəlli verə biləcək yeganə şey odur ki, azərbaycanlılar hələ də rusların öz qoşunlarını lazımi ərzaq və yanacaqla təmin etməsinə mane olmurlar", - deyə Babacanyan bildirib. 

"Azərbaycan yolu bağlamaqla və ona nəzarət yaratmaqla “ekoloji” problemi də həll ediblər. Qarabağda yerləşən mədənlər bundan sonra çətin ki, istismar olunsun. Çünki çıxarılan konsentratın Ermənistana daşınması ehtimalı azdır", - deyə erməni ekspert vurğulayıb.

Erməni ekspert qeyd edib ki, Ermənistan hökuməti heç bir şəkildə vəziyyətə müdaxilə etmir, bununla da Qarabağın Azərbaycanın daxili məsələsi olması mövqeyindən çıxış edir və eyni şəkildə bunu humanitar məsələ hesab edir: "Azərbaycanın Laçın dəhlizinə nəzarəti bərqərar etməsi Paşinyan üçün sərfəlidir. O, düşünür ki, Azərbaycan Laçın yoluna nəzarət etməklə Zəngəzur dəhlizi məsələsindən əl çəkəcək. Azərbaycan nəinki dəhliz tələbindən əl çəkməyəcək, əksinə, buna nail olmaq üçün hər şey edəcək",- deyə Babacanyan vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


  • 22-12-2022, 22:39