AZ   |   RU
Ankarada Ümummilli liderin anım günü ilə bağlı "Heydər Əliyev və TÜRKSOY" adlı tədbir keçirilib

Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə TÜRKSOY binasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev və TÜRKSOY" adlı tədbir keçirilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyədən millət vəkillərinin, diplomatik korpusun nümayəndələrinin, dövlət rəsmilərinin, ziyalıların, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Ümummilli liderə həsr olunmuş foto və kitab sərgisinin açılışı ilə başlayıb. İştirakçılara Ulu öndər Heydər Əliyevin mənalı həyat və fəaliyyəti ilə bağlı məlumat verilib.

Tədbirdə nümayiş etdirilən qısa filmdə Heydər Əliyevin TÜRKSOY-la bağlı fikirləri və təşkilatla keçirtdiyi görüşlər əksini tapıb.

TÜRKSOY Baş katibi Sultan Rayev açılış çıxışı edərək, Ümummilli liderin TÜRKSOY-un yaranmasında rolunu və təşkilata göstərdiyi xüsusi diqqətdən danışıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək, Heydər Əliyevin Azərbaycan tarixindəki mühüm rolundan, Azərbaycan dövlətçiliyinin yaranmasındakı xidmətlərindən danışıb, Ulu öndərin türkdilli dövlətlərlə əməkdaşlığa verdiyi xüsusi diqqəti vurğulayıb.

Ulu öndər Heydər Əliyev haqqında xatirələrini danışan Ankara Universitetinin rektoru Nəcdət Ünüvar Ümummilli liderlə görüşləri zamanı onun Türkiyəyə olan sevgisinə yaxından şahid olduğunu qeyd edib.

Rektor Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun universitetin həyətində əkdiyi ağacın dibinə Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş torpağın səpildiyini bildirib.

Azərbaycan Milli Məclisinin deputatı Hikmət Babaoğlu tədbirdə çıxış edərək Ümummilli lider Heydər Əliyevin XX əsrdə Azərbaycan mədəniyyətinin formalaşmasına verdiyi töhfədən danışıb.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan - Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə ucalmasına diqqət çəkib. Deputat 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi vurğulayaraq Türkiyənin hər zaman Azərbaycanla bərabər olacağını bildirib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar Ulu öndərin liderlik keyfiyyətlərini, Vətən sevgisini, xalqa bağlılığıni vurğulayıb, onun türk dövlətlərinin birliyinin əsasını qoyduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan -Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov Heydər Əliyevin hələ SSRİ rəhbərliyində olduğu dövrdə türk respublikalarında elm, mədəniyyət və təhsilin inkişafı üçün gördüyü işlərdən bəhs edib. Onun yalnız Azərbaycanda deyil, bütün türk dünyasında xalq məhəbbəti qazandığını qeyd edib.

Çıxışlardan sonra TÜRKSOY-un yaranması və fəaliyyətindən bəhs edən "TÜRKSOY-un kutlu yolu" adlı kitabın təqdimatı keçirilib.
Kitabı hazırlayan Sabir Şahtaxtı çıxış edərək kitabın ərsəyə gəlməsi prosesi barədə məlumat verib. Bildirib ki, kitab TÜRKSOY-a xüsusi diqqət yetirən Ümummilli lider Heydər Əliyevin sözləri ilə başlayır.

Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu TÜRKSOY-un türk dövlətləri tərəfindən yaradılmış ilk təşkilat olduğunu diqqətə çatdırıb və bu təşkilatın uğurunun türk dövlətlərinin digər təşkilatlarının yaranmasına gətirib çıxardığını qeyd edib.

Tədbirin sonunda fəxri fərmanlar və Sabir Şahtaxtıya adıçəkilən kitaba görə TÜRKSOY-un təsis etdiyi "Əhməd Cavad -130" medalı təqdim edilib.







  • 13-12-2022, 23:30