AZ   |   RU
Müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Zəfər paradı
Ötən il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, vətənimizin ərazi bütövlüyünün bərpasının təqdimatı idi. 

Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdir.

Zəfər paradı ordumuzun qüdrətini, Ermənistanın necə rəzil günə düşdüyünü bir daha nümayiş etdirirdi.

Zəfər paradında əsas məqamlarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən digər rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi idi.

İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Azərbaycan Türkiyənin qardaş dəstəyini gördü. Türkiyənin mənəvi dəstəyi Azərbaycan əsgərini Möhtəşəm Qələbəyə daha da ruhlandırdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər paradındakı çıxışında bir daha qeyd etdi ki, qardaş ölkənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

Bu gün  birlikdə Zəfər paradında iştirak edərkən, bir daha birliyimizi xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk. Dövlət başçısı Zəfər paradının tarixi əhəmiyyətini də xüsusi vurğulayaraq bildirdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək bir gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib. Bunun üçün Prezident İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirib, ölkənin dayanıqlı iqtisadi inkişafının təmin olunması naminə düşünülmüş siyasət yürütmüşdür.

Artıq müharibənin başa çatmasından iki ildən artıq vaxt keçib. Bu gün erməni faşizminin yerlə-yeksan etdiyi şəhər və kəndlərimizdə həyata keçirilən quruculuq-abadlıq, tikinti  işlərinin miqyası günü-gündən genişlənir.

Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib. Eyni zamanda həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Bölgədə nəqliyyat kommunikasiyalarının bərpası, iqtisadi əlaqələrin yaradılması regionda uzunmüddətli sülh və təhlükəsizliyə töhfə olacaq. Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir.

Zəfər paradı bir daha göstərdi ki, peşəkar ordusu olan xalq yenilməzdir və müstəqilliyi əbədidir. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid vətən oğullarına minnətdarıq!

Bütün sahələrdə olduğu kimi cənab Prezidentin idmana və idmançılara qayğısı sayəsində bu gün gənclərimiz beynəlxalq arenada Azərbaycan bayrağını zirvələrdə dalğalandırır. Azərbaycan bu nailiyyəti, gücü prezident İlham Əliyevin qətyyəti sayəsində əldə edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində ciddi tədbirlər həyata keçirilir.

44 günlük Vətən Müharibəsində Azərbaycan gəncləri misilsiz qəhrəmanlıqlar göstərdilər. Ali Baş Komandanın ətrafında sıx birləşərək vətən torpaqlarımızı işğaldan azad etdilər. Vətənpərvərlik ruhunda böyüyən gənclər cənab Prezidentimizin rəhbərliyi altında möhtəşəm bir tarix yazdı.

Elşad Əliyev
Kyokuşinkaykan Karate idman növü üzrə Dünya çempionu,
“Abşeron” komandasının baş məşqçisi


  • 9-12-2022, 18:10