AZ   |   RU
Güllü Yoloğlu TAİB Qadınlar Şurasının sədri seçildi- Fotolar

Mehparə Əliyeva və Günel Yaz QŞ-nin sədr müavini vəzifəsində fəaliyyət göstərəcəklər. 


Türk Ağsaqqalları Birliyi – TAİB-in Qadınlar Şurasının yaradılması ilə bağlı təşkilatın İdarə Heyətinin açıq iclası keçirilib.

Missiya.Az xəbər verir ki, TAİB sədri, YAP Veteranlar Şurasının sədr müavini, akademik Sudeyif İmamverdiyevin də iştirak etdiyi iclasda əvvəlcə qadınların ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakından, gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi və vətənpərvərlik ruhunda yetişməsində qadınların böyük rol oynadığından söhbət açılıb. 

TAİB-in İdarə Heyətinin üzvləri çıxışlarında qeyd ediblər ki, çağdaş dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və bu gün onlar dövlət idarəçiliyində, diplomatiya meydanında, biznes sektorunda, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda inkişafa xidmət edən fəaliyyət nümunələri yaradırlar. O da xüsusi vurğulanıb ki, qadınların özünü təsdiqi üçün ölkəmizdə mövcud olan əlverişli iş şəraiti həm milli-mənəvi dəyərlər sistemindən, həm də Dövlətimizin həyata keçirdiyi qadın, gender siyasətindən irəli gəlir. İclasda Prezident İlham Əliyevin Azərbaycan qadınları barədə fikirlərinə də diqqət yönəldilib: 

"Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, ana dilimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günlərədək layiqincə yaşadılmasında Azərbaycan qadını misilsiz xidmətlər göstərmişdir. O, müstəqil dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə sədaqət, müqəddəs vətənimizin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizin doğma yurda sonsuz məhəbbət ruhunda formalaşmaları yolunda var qüvvəsini sərf edir". 

Çıxışçılar qeyd ediblər ki, Azərbaycan Prezidentinin bu fikirləri onun həyata keçirdiyi siyasətdə öz əksini tapır və bu gün dövlət səviyyəsində həyata keçirilən proqramlarda gender məsələlərinə xüsusi önəm verilir. 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən söz açan TAİB rəsmiləri qeyd ediblər ki, birinci xanımın misilsiz xidmətləri Azərbaycan qadınlarına böyük stimul yaradır. “Mehriban xanım Əliyeva bu gün beynəlxalq arenada Azərbaycan qadınlarını ləyaqətlə təmsil edir, mötəbər tribunlardan həqiqətlərimizi dünyaya yayır, tariximizi, zəngin mədəni irsimizi və söykəndiyimiz dəyərləri yüksək səviyyədə təbliğ edir” – deyə, TAİB təmsilçiləri qeyd ediblər.

Daha sonra iclasda təşkilati məsələlər müzakirə olunub və TAİB-in Qadınlar Şurasının yaradılmasının əhəmiyyətindən söz açılıb. Ardınca isə seçki prosesinə keçid alınıb və iclas iştirakçıları TAİB-in Qadınlar Şurasının sədri vəzifəsinə Dünya Türkologiya Mərkəzinin sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun, “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri, tarix elmləri doktoru Güllü Yoloğlunun namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Güllü Yoloğlu yekdilliklə TAİB-in Qadınlar Şurasının sədri vəzifəsinə seçilib. 

Səsvermə yolu ilə Qadınlar Şurasının sədr müavinləri də müəyyənləşdirilib. AMEA-nın aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mehparə Əliyeva və gənc diplomat, türkmedia.az saytının rəhbəri Günel Yaz TAİB Qadınlar Şurasının sədr müvini seçiliblər. 

İdarə Heyətinin iclasından sonra TAİB Qadınlar Şurasının ilk toplantısı keçirilib və fəaliyyət planın hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, bir müddət öncə TAİB-in Gənclər Təşkilatı da yaradılıb. Qadınlar Şurasının yaradılması ilə bağlı İdarə Heyətinin açıq iclasında TAİB Gənclər Təşkilatının təmsilçiləri də fəal iştirak ediblər.


  • 19-11-2022, 13:18