AZ   |   RU
AVF-nin idmançı və məşqçiləri Şəkidə keçirilən idman festivalında fəal iştirak edirlər

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində idman festivalı keçirilir. Yeniyetmə idmançıların iştirakı ilə baş tutan "İdman Festivalı - 2022" adlı kütləvi idman tədbirinə noyabrın 14-dən start verilib.

Missiya.Az
xəbər verir ki, Azərbaycan Velosiped Federasiyasının (AVF) idmançı və məşqçi heyətinin də qatıldığı festivalın ilk 3 günündə Şəki Olimpiya İdman Kompleksində iştirakçılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər, ustad dərsləri, həmçinin Şəki şəhərinə ekskursiya təşkil edilib.

Noyabrın 17-dən isə şəhər mərkəzində olimpiya idman növlərinin nümayişinə başlanılıb. Burada peşəkar idmançılar nümunəvi hərəkətlər icra edir, qonaqlar özlərini müxtəlif idman növlərində sınayırlar.

AVF-nin idmançıları velosiped idman növü üçün ayrılmış sahədə xüsusi trenajorlarda məşqlər edir, mütəxəssislər isə ziyarətçilərə bu idman növü haqqında məlumatlar verirlər.

Qonaqlar təhlükəsizlik qaydalarına riayət etməklə məşqçilərin nəzarətində trenajorlarda velosiped sürürlər.

Festival zamanı gənclər və idman naziri Fərid Qayıbov velosipedçilərlə görüşərək, onlarla xatirə şəkli çəkdirib. 

Qeyd edək ki, noyabrın 19-da yekun vurulacaq festivala 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi qatılıb.


  • 18-11-2022, 18:20