AZ   |   RU
Rusiya İrana başsağlığı verdi - Kreml

Rusiya prezidenti Vladimir Putin Şirazdakı terror aktı ilə əlaqədar iranlı həmkarı İbrahim Rəisiyə başsağlığı verib.

Missiya.Az  Tass-a istinadən xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.

"Şirazdakı terror aktının faciəvi nəticələri ilə bağlı səmimi başsağlığımı qəbul edin. Dini ziyarətgahın divarları arasında uşaqların və qadınların da daxil olduğu dinc əhalinin öldürülməsindən daha rüsvayçı cinayət təsəvvür etmək çətindir. Biz bir daha gördük ki, terror təkcə qanunları deyil, həm də insan əxlaqını pozur” - mətndə deyilir.

Rusiya prezidenti həmçinin Moskvanın terrorla mübarizə məsələlərində Tehranla əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu təsdiqləyib.

Putin həmçinin həlak olanların ailələrinə başsağlığı və dəstək sözlərini çatdırmağı, həmçinin bütün yaralıların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, çərşənbə günü üç naməlum şəxs İranın Fars əyalətində yerləşən Şiraz şəhərindəki Şah Çıraq məscidində atəş açıb. Hüquq-mühafizə orqanları atəş açan iki şəxsi saxlaya bilib, üçüncünün axtarışı davam etdirilir. 

Verilən son məlumatlara görə, 15 nəfər hücumun qurbanı olub, 27 mülki şəxs yaralanıb. Tasnim xəbər agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, hücumun son vaxtlar təhlükəsizlik tədbirlərinin zəifləməsindən istifadə edən radikal vəhhabilər tərəfindən törədildiyi ehtimal edilir. 

“Reuters”in məlumatına görə isə, hücuma görə məsuliyyəti “İŞİD” terror qruplaşması öz üzərinə götürüb.

Teymur Aslanov
Missiya.Az
 


  • 27-10-2022, 17:22