30 ilə yaxın Azərbaycan torpaqlarının Ermənistan işğalı altında qalmasının əsas səbəbkarlarından biri məhz Rusiya idi. Ancaq münaqişənin üzərindən uzun illər keçməsinə baxmayaraq, Azərbaycan torpaqlarının işğal altında qalması ilə barışmayacağına dair mövqeyini dəyişmədi və bu məsələnin dünya gündəmində saxlanılmasına müvəffəq oldu. Nəhayət Azərbaycan 2020-ci ildə Azərbaycan Ermənistan ordusunun həyata keçirdiyi genişmiqyaslı təxribatlara cavab olaraq, öz ərazilərini işğaldan azad etməyə başladı. Düşmənin iki ildə işğal etdiyi torpaqları müzəffər ordumuz cəmi 44 günə azad edərək, düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra qarşısında duran əsas məsələlərdən biri də Ermənistanla sülh müqaviləsinin imzalanması idi. Çünki sülh müqaviləsi imzalanmadan bölgədə sabitliyin əldə edilməsi mümkün deyil. Azərbaycan tərəfi bunun üçün Ermənistana 5 bənddən ibarət öz təklifini irəli sürdü. İki ölkə arasında sülh danışıqlarının başlanması üçün Ermənistan və Azərbaycan liderlərinin ilk görüşləri Rusiya prezident Vladimir Putinin dəvəti əsasında Rusiyada təşkil olundu. Ancaq bu görüşlərdə sülh müqaviləsi ilə bağlı heç bir irəliləyiş əldə olunmadı. Təbii ki, Moskva iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında yox, hazırkı status-kvonun yenə də qeyri-müəyyən vaxta qədər qorunub saxlanılmasında maraqlıdır. Çünki İrəvan və Bakı arasında sülh müqaviləsi imzalanacağı təqdirdə münaqişə bitmiş hesab olunacaq və Rusiya bölgəyə təsir imkanları ciddi şəkildə zəifələyəcək.
Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasında təbii ki, Qərb də maraqlıdır. Bir məqama diqqət yetirək ki, Rusiyanın vasitəçiliyi ilə İrəvan və Bakı arasında keçirilən danışıqların heç bir nəticəsi olmadığı halda, Avropa İttifaqının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə İlham Əliyev və Paşinyan arasında baş tutan danışıqlarda müəyyən razılaşmalar əldə olundu. Ən azı sülh müqaviləsinin imzalanması istiqamətində Ermənistan tərəfindən müəyyən hərəkətlilik müşahidə olundu. Əlbəttə, Brüsselin vasitəçiliyi ilə baş tutan sövdələşmələrə Kremlin səssiz qalmayacağını güman etmək olardı. Çünki Kreml Cənubi Qafqazla bağlı bütün prosesləri özünün nəzarəti altında yürüdülməsini istəyir.Cənubi Qafqazda münasibətləri uzlaşmayan Moskva və Qərb bu gün Ukraynada da eyni talehi yaşayırlar. Bildiyimiz kimi, Rusiyanın Ukraynaya başlatdığı təcavüzkar müharibə Qərbin Moskvaya qarşı ağır sanksiyalar tətbiq etməsinə və hər iki tərəf arasında demək olar ki, bütün münasibətlərin pozulmasına gətirib çıxardı. Hazırda Qərbin ağır sanksiyaları altında olan Rusiya iqtisadiyyatı son çırpıntılarını edir. Ümidini qaz satışından əldə olunan vəsaitlərə bağlayan nəhəng bir dövlət bu gün ondanda məhrum olur və gəlirləri sürətlə azalır. Rusiyanın qaz satışında itirdiyi milyardların yerini necə dolduracağı isə hələlik məlum deyil və bu, demək olar ki, mümkünsüz görünür. Bu isə ağır durumda olan Rusiya iqtisadiyyatını daha da bərbad hala salacaq.
Bundan əlavə, Ukraynanı asan ələ keçirəcəklərini xəyal edən Rusiya bu gün orada böyük bir bataqlığa düşüb. Özünü dünyanın ikinci böyük hərbi gücü hesab edən Rusiya bu gün Ukraynada 15-ə yaxın generalını, 70 minə yaxın canlı qüvvəsini və böyük sayda texnikasını itirib. Son günlər isə Rusiyanın Ukraynada ələ keçirdiyi ərazilərdən geri çəkildiyini müşahidə edirik. Bu isə Rusiyanın Ukraynada məqsədlərinə nail ola bilməyəcəyini sübut edir. Hətta Ukrayna rəsmiləri dəfələrlə bəyan ediblər ki, Rusiya bu torpaqlardan çıxmayana kimi mübarizələrini davam etdirəcəklər. Müharibənin günü-gündən uzanması isə daha çox Moskvanın eleyhinə işləyir. Çünki müharibə uzandıqca Rusiya əldə olub qalan silah və texnikasını da itirəcək. Eyni zamanda əsgər itkisi də durmadan artacaq ki, bu da son nəticədə biabırçı məğlubiyyətə səbəb olacaq.Bir müddət öncə Putinin sərəncamı ilə ölkədə səfərbərlik elan edildi. Bu proses zamanı maraqlı məqamların şahidi olduq. Rusiyadan qonşu dövlətlərə böyük bir insan axını başladı. Hətta bu gün Bakı küçələrində də Rusiyadan qaçıb gələn xeyli sayda rus millətinə mənsub insanları görmək olur. Özü bir zamanlar dünyaya silah satan Rusiya bu gün silah axtarışındadır. Ukraynada uğur əldə edə bilməyən Moskva bu gün İrandan aldığı dronlara ümidini bağlayıb. Ancaq hərbi analitiklərin rəyinə görə Ukraynada Rusiya tərəfindən istifadə olunan İran dronlarının 70%-i zərərsizləşdirilib.
Ukraynanın öz torpaqlarında Rusiyaya müqavimət göstərməsində əsas amillərdən biri də Qərb dövlətlərinin ciddi dəstəyidir. Qərbin verdiyi silahlar Rusiya üçün Ukraynada bir növ baş ağrısına çevrildi. Ukraynaya yaxın vaxtlarda daha müasir silah ve texnikaların verilməsinin də şahidi olacağıq. Çox ehtimal ki, Kiyevə verilən əlavə silah və texnikalar Rusiyanın Ukraynada məğlubiyyətini qaçılmaz edəcək. Ukraynada məğlubiyyətə uğrayan, daxildə ciddi sosial problemlər yaşayan, vətəndaşlarını “vahid ideya” ətrafında səfərbər etməyi bacarmayan şimal qonşumuz yenə də bəd əməllərindən geri qalmır. Moskva bu gün də Cənubi Qafqazla bağlı cəfəng iddialar səsləndirir və bir çox hallarda Bakıya qarşı təhdid mesajları göndərir. Bu isə istər-istəməz Azərbaycanla Rusiya arasında münasibətlərə öz təsirini göstərməyə bilməz. Azərbaycan hər zaman qonşuluq prinsiplərinə sadiq qalıb, Kremlin çərçivədən kənara çıxan bəyanatlarına yumşaq dillə cavab verib. Ancaq Kreml Azərbaycanın səmimiliyindən istifadə edərək daha da azğınlaşır və məkrli oyunlarından əl çəkmir. Azərbaycanla Ermənistan arasında slüh sazişinin imzalanması istiqamətində irəliləyişlərin əldə olunduğunu müşahidə edən Moskva, ciddi cəhdlə çalışır ki, Paşinyanı fikrindən daşındırsın. Rusiya rəsmi İrəvana da “əgər bunu etsəz...” şəkilli təhdid ismarışları göndərərək, prosesi əngəlləməyə cəhd göstərir ki, əslində bununla da Qarabağ məsələsində heç vaxt səmimi olmadığını açıq şəkildə büruzə verir. Moskva iki ölkə arasında münasibətlərin təmzimlənəcəyi və bölgədə sülhün bərqərar olacağı təqdirdə özünün vasitəçiliyinə və təbii ki, “sülhməramlı” kontingentinə də ehtiyac qalmayacağından narahatdır. Qarabağ problemindən ölkələrə qarşı təsir vasitəsi kimi istifadə etməyə çalışan Rusiya bu imkanlarından məhrum olmamaq üçün ən çirkin yollara belə əl atmaqdan çəkinmir.
Kremlinin bu cür bəyanatlarına Bakının uzun müddət səssiz qalacağı mümkün deyildi. Elə bu səbəbdən də iki gün öncə Azərbaycanın Dövlət Televiziyası vasitəsilə Rusiyaya qarşı sərt mövqe sərgiləndi. Əslində bunu Moskva özü istədi, Bakı hər zaman iki ölkə arasında münasibətlərinin qorunub saxlanılmasına çalışsa da təssüf ki, şimal qonşumuz bunu anlamadı. Əgər Moskva bunu anlamadısa o zaman biz də bundan sonra onların anlayacağı dillə cavab verməli olacağıq.Ərazi baxımından dünyanın ən böyük dövləti olan Rusiya hazırkı siyasətini davam etdirəcəyi təqdirdə özü-öz dabanına sıxmış olacaq. Məsələn, Rusiyanın tərkibində olan Muxtar Rrespublikalar günlərin birində azadlıq mücadiləsinə qalxa bilərlər ki, bu proses də Kremli tamamilə diz üstə qoyacaq. Zatən qığılcımlar artıq görünməkdədir. Putin Ramzan Kadırovla çox da uzağa gedə bilməz. Dağıstan müstəqillik tələb edəcəyi təqdirdə, bunun qarşısını almaq mümkün olmayacaq. Hələ biz Çeçenstandan danışmırıq. Rusiyanın daha o halı yoxdur ki, çeçen xalqının azadlıq istəyi qarşısında duruş gətirə bilsin.
Ümumiyyətlə, proseslər göstərir ki, Rusiya öz imperialist maraqlarının qurbanı olacaq və çox yaxınlarda dünya xəritəsində əzəmətli ölkədən əsər belə qalmayacaq. Bax onda dünyada bir nəfər də tapılmayacaq ki, Moskvanın göz yaşlarına inansın...Daşqın Həsənov
Missiya.Az