AZ   |   RU
Zəngilan Beynəlxalq Hava Limanının açılışı əlamətdar bir hadisədir

Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası və qurulması istiqamətində genişmiqyaslı işlər davam edir, bunun sayəsində keçmiş məcburi köçkünlər 30 ildən sonra öz evlərinə qayıda biləcəklər.

Prezident İlham Əliyev bu böyük strateji infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri ölkənin inkişaf strategiyasına uyğundur. Azad edilmiş torpaqlarda nəqliyyat və enerji infrastrukturuna qoyulan investisiyalar bütövlükdə ölkənin iqtisadi yüksəlişi üçün imkanlar yaradır. Bu baxımdan oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılışı daha bir əlamətdar hadisədir.

Zəngilan və Füzuli beynəlxalq hava limanları Zəngəzur nəqliyyat dəhlizinin mühüm tərkib hissələridir. Hava limanının açılışı regional əhəmiyyətli nəqliyyat qovşağının formalaşması baxımından mühüm hadisədir. Azərbaycanın qərb bölgəsini Naxçıvan və Türkiyə ilə birləşdirəcək bu hava limanları, avtomobil yolları, dəmir yolları sistemi regional avtomobil yolları sistemi, regional və beynəlxalq hava limanları sistemi ilə əlaqələnir.

Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa ilə əlaqələrində əsas rol oynamaqdadır. Bu mənada yeni nəqliyyat infrastruktur layihələrinin yaradılması,onların qəbuledici və ötürücülük qabiliyyətinin artırılması əsas tələb olinan şərtlərdən sayılır.  Məhz bu səbəbdən də təkcə yerüstü ( avtomobil, dəmiryolu) nəqliyyat infrastrukturu deyil, eyni zamanda hava nəqliyyatına da böyük ehtiyac duyulur.

Beynəlxalq Hava Limanları gələcəkdə regionun ümumloqistika mərkəzinə inteqrasiyasında önəmli rol oynayacaqdır. Həmçinin bölgənin təhlükəsizliyinin təminatında hava limanlarının mühüm əhəmiyyətə malikdir.

Beynəlxalq hava limanlarının, dəmir yollarının və avtomobil yollarının tikintisi tranzit baxımından təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün çox vacibdir. Bu layihələrin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına böyük investisiyalar cəlb edir və davamlı iqtisadi artım yaradır. Azərbaycanın bütün təşəbbüslərinin azad edilmiş ərazilərdə həyata keçirilməsi bütün regionun inkişafına əlavə təkan verəcək.

Bütün türk dünyasını birləşdirəcək və ölkəmizin tranzit əhəmiyyətini, eləcə də regionun geoiqtisadi mənzərəsini tamamilə dəyişdirəcək Zəngəzur dəhlizi reallığını dünya artıq qəbul edib. Dövlət başçısı işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri ilə bir daha dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan onu bir daha cənnət parçasına çevirəcək. İndi dünya görür ki, bu torpağın əsl sahibi kimdir.
 
Sevil Rəfiyeva 
Nizami rayon 272 saylı məktəbin direktor müavini



  • 23-10-2022, 13:54