Bu gün Tərtər rayonunda baş verən ağır yol qəzasında xəsarət alan Dövlət Məşğulluq Mərkəzinin kursunun iştirakçılarının vəziyyəti açıqlanıb.
Missiya.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayis Musayev bildirib.
O, qeyd edib ki, günorta saatlarında Tərtər rayonunda 1 nəfərin ölümü, 12 nəfərin yaralanması ilə nəticələnən yol qəzasında yaralananlardan 6-sı Özünüməşğulluq proqramına cəlb edilmiş və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirilən təlimlərdə iştirak edən vətəndaşlardır.
“Hadisə həmin yoldan keçən toy karvanındakı avtomobillərin toqquşması nəticəsində idarəetmədən çıxan avtomobilin dayanacaqda sərnişinləri mindirib düşürən mikroavtobusa çırpılması nəticəsində baş verib. Həmin vaxt dayanacaqda dayanan ictimai nəqliyyata minməyə çalışan təlim iştirakçıları da qəzadan yayına bilməyib”, - o qeyd edib.
Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb: “Xəsarətləri yüngül olan 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Qəzada müxtəlif bədən xəsarətləri alan 2 nəfər isə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkim nəzarəti altındadır. Baş vermiş qəza nəticəsində həyatını itirən vətəndaşımızın ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirik”.