AZ   |   RU
Azərbaycanın sülh danışıqları üçün 5 maddəlik baza prinsipi Ermənistan üçün son şansdır

44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Azərbaycan son iki əsrlik tarixdə ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi  əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə  Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Artıq müharibə geridə qalıb. Azərbaycan Prezidentinin həyata keçirdiyi ardıcıl iş, diplomatik fəaliyyət sayəsində dünya birliyi Vətən müharibəsinin nəticələrini qəbul edir. Haqq savaşımızdakı qələbəmizə bizim üçün qaneedici səviyyədə münasibət göstərir. Əslində, bu münasibətin formalaşmasında da Azərbaycanın sülh missiyasının böyük rolu var. Məsələlərə obyektivlik prizmasından yanaşan hər kəs ölkəmizin regiona sülh, təhlükəsizlik, davamlı inkişaf arzusunu görür. Azərbaycan Prezidentinin gələcəyə strateji baxışında bölgənin sabahı aydın təsəvvür edilir.

Bəli tarixi qələbələr mübarizə meydanında qazanılır. Qələbəni qoruyub saxlamaq, onun nəticələrini möhkəmləndirmək isə sülh dövrünün işidir. Ona görə tarix boyu o xalqlar, dövlətlər yekunda qalib çıxırlar ki, məramı sülhə yönəlsin. Sülhü insanın həyati məqsədi kimi qəbul etsin. Ən əsası isə, sülhə inkişaf, tərəqqi, insanın rifahının yüksəldilməsi üçün əlverişli mühit kimi baxsın. Amma hadisələrin gedişatı göstərir ki, Ermənistan hələ də köhnə ampluasında qalaraq kimdənsə yardım, dəstək gözləyir. Sülh danışıqlarına başlamaq üçün müxtəlif bəhanələr gətirir.

Oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçirilən görüş bir çox məqamları ilə yadda qaldı. Bu görüş həm də, sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi prosesinin sürətlənməsi, ölkələr arasında problemlərin aradan qaldırılması baxımından böyük əhəmiyyət kəsb edir. Təbii ki, ortada olan ən əsas məsələ isə sərhədlərin müəyyənləşdirilməsi məsələsidir. Bu prosesin hansı istiqamətdə aparılması, hansı xəritələrə istinad olunması mühüm müzakirə obyektidir. Azərbaycan iki ölkə arasında sərhədlərin mümkün qədər qısa zaman kəsiyində delimitasiya və demarkasiya olunmasının tərəfdarıdır. Ölkəmiz üçtərəfli Bəyanatın, Brüssel razılaşmalarının müddəalarına sadiq olduğunu dəfələrlə birmənalı şəkildə bəyan edib. Ancaq məğlub Ermənistanda Azərbaycanın nə sülh təşəbbüslərinə, nə də sərhədlərin müəyyənləşdirilməsi çağırışlarına adekvat cavab verilmir.

Delimitasiya çox önəmli bir məsələdir. Ermənistan delimitasiya işinə müsbət yanaşmalı, bu prosesdən imtina etməməlidir. Çünki siyasi danışıqlardan imtina edən Ermənistan tərəfi dəfələrlə eskalasiya yolunu seçsə də, burada da sarsıdıcı zərbələr almışdır. Fikrimcə, delimitasiya komissiyası həm də tarixi xəritələrə nəzər salmalıdır. Ermənistanın eks deputatı Naira Zöhrabyanın da sosial şəbəkələrdə paylaşdığı bir status özündə tarixi reallığı əks etdirir. O yazır: “Erməni vaxtı”nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycan delimitasiya və demarkasiya prosesini 1919-20-ci illər xəritəsi ilə təsəvvür edir. Budur xəritə. Bu xəritə ilə Zəngəzur, Dərələyəz tamamilə, Göyçə isə qismən Azərbaycanın bir hissəsi sayılır”. Bəli heç kimə sirr deyil ki, İrəvan, Göyçə, Dərələyəz, Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır. Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsində Dərələyəz də daxil olmaqla Qərbi Zəngəzurun yer alması Azərbaycanın iradəsinə bağlıdır. Ona görə də 1919-1920-ci illərin xəritələri əsasında sərhədlərin müəyyənləşdirilməsi mümkün hal olmaqla yanaşı həm də ədalətli yanaşmadır. Ermənistan məhz bu xəritələrə istinad edərək sərhədlərin müəyyənləşdirilməsi işində iştirak edə bilər. Əgər imtina etsə, Azərbaycan daha köhnə xəritələri prioritet hesab edə bilər. Bu da Ermənistan üçün çox ağır nəticələrə yol aça bilən proses kimi qəbul olunacaq.

Belə bir vaxtda məğlub Ermənistan sülh təklifini ən alternativ yol kimi qəbul etməli olduğu halda hələ əksinə olaraq dövlət sərhədlərinin qorunması missiyasının xarici qüvvələrə həvalə edilməsi  məsələsini yenidən aktuallaşdırır. Son günlərdə Ermənistan cəmiyyətində bununla bağlı aparılan müzakirələr intensivləşib. Müxtəlif versiyalar səsləndirilir. Xüsusilə də, bu ölkənin dövlət sərhədlərinin qorunmasının xarici silahlı birləşmələrə həvalə olunması alternativi olmayan variant kimi  təqdim edilir. Ermənistan yaxşı başa düşür ki, hər bir ölkə sərhəddən başlayır. Hansısa bir ölkə öz sərhədlərini qoruya bilmirsə, onun suverenliyindən danışmaq da absurddur.

Belə görünür ki, üç onillik ərzində işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə qaldıran, 44 günlük müharibədə isə məğlubiyyət acısı yaşayan Ermənistan indi suverenliyini təmin etmək iqtidarında olmayan bir vəziyyətdədir. Əslində, baş nazirin də sərhədlərin qorunmasının xarici qüvvələrə həvalə edilməsinin zəruriliyini dilə gətirməsi, ilk növbədə, ölkənin acınacaqlı durumunun etirafı kimi qəbul olunmalıdır. Digər tərəfdən, Ermənistan cəmiyyətində orduya böyük inamsızlıq müşahidə olunur. 44 günlük müharibədə 10 min fərari qeydə alındı. Müharibədən sonra isə valideynlər övladlarını hərbi xidmətdən yayındırmaqdan ötrü müxtəlif vasitələrə əl atırlar. Son vaxtlarda Ermənistanı tərk edən gənclərin sayının kəskin artması ölkədə demoqrafik vəziyyəti də əhəmiyyətli dərəcədə ağırlaşdırıb. Nikol Paşinyan bütün bunların fərqindədir. O yaxşı başa düşür ki, hazırda Ermənistanın öz gücünə sərhədlərin qorunmasını təmin etmək qeyri-mümkündür. Bütün bunları nəzərə alan baş nazir sərhədlərin qorunmasının xarici qüvvələrə həvalə edilməsinin zəruriliyindən danışır. Atdığı bütün addımlarla, verdiyi qərarlarla ölkəsini səfalətə sürükləyən Nikol Paşinyan hələ də dinc yanaşı yaşamaq variantını seçmək əvəzinə fəaliyyətsizliyi ilə Azərbaycanın gözündən düşmüş, münaqişəni 30 il ərzində həll edə bilməyən ATƏT-in Minsk qrupuna müraciət edir və bununla da sülh müqaviləsini növbəti dəfə uzatmağa çalışır.


Son günlər Praqada keçirilən görüşləri də danışıqların növbəti mərhələsi hesab etmək olar. Ermənistan dərk etməlidir ki, sülh danışıqları ardıcıl olmalı və məntiqi sonluqla yekunlaşmalıdır. Bu xüsusda Azərbaycanın irəli sürdüyü beş bənddən ibarət olan təkliflər gələcəkdə sülh müqaviləsinə çevrilməlidir. Ermənistan prosesləri pozduqca Azərbaycanın mövqeyi daha da prinsipiallaşır. Ona görə də, nə qədər gec deyil, sülh müqaviləsinin imzalanması Ermənistanın ağır vəziyyətdən çıxması üçün ən optimal yoldur. Görünən odur ki, Ermənistanın siyasi, hərbi və diplomatik rəhbərliyi çox çətin geosiyasi şəraitdə Azərbaycanla sülh sazişini imzalamaq məcburiyyətində olacaq. Nəzərə almaq lazımdır ki, zaman Azərbaycanın xeyrinə işləyir. Rəsmi İrəvan bu reallığı nəzərə almalı, regionun gələcəyi və təhlükəsizlik mühitinin gücləndirilməsi naminə sülh müqaviləsini imzalamalıdır. Əks halda erməni cəmiyyəti gözəl anlayır ki, Azərbaycan tərəfindən növbəti addım kimi genişmiqyaslı əməliyyatın icrası və daha ağır sülh şərtləri masaya qoyula bilər.

Bir sözlə, bu gün regionda bütün proseslərin, danışıqların diktəsi Azərbaycana, onun liderinə məxsusdur. Ölkə rəhbəri İlham Əliyevin 5 baza prinsipinin yerinə yetirilməsinə Ermənistan tələsməlidir, çünki hər ötən gün onun çöküşünə doğru gedir.

Arzu Abdullayev
Tarix üzrə fəlsəfə doktoru


  • 11-10-2022, 22:38