AZ   |   RU
KTMT parçalanma yolunda- Qırğızıstan birgə təlimdən imtina etdi


KTMT-nin “Sarsılmaz Qardaşlıq – 2022” komanda-qərargah təlimi ləğv olunub.

Missiya.Az xəbər verir ki, təlimin ləğv edilməsi məlumatını Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti paylaşıb.

Qeyd edək ki, KTMT sülhməramlı qüvvələri ilə “Sarsılmaz qardaşlıq-2022” komanda-qərargah təlimləri 2022-ci ilin oktyabrında Qırğızıstan ərazisində keçirilməli idi. Sentyabrın 14-17-də KTMT-yə daxil olan Qırğızıstan və Tacikistan hərbçiləri arasında baş vermiş genişmiqyaslı toqquşma  nəticəsində 63 Qırğızıstan vətəndaşı həlak olub, 200-ə yaxını yaralanıb. Tacikistanla həmsərhəd kəndlərin 140 mindən çox sakini evlərini tərk etmək məcburiyyətində qalıb. Buna görə də Qırğızıstan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini ləğv etmək qərarına gəlib. 

Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistandan təlimlərdə 6,5 mindən çox hərbçinin iştirak etməsi, 850-dən çox hərbi texnika, o cümlədən hərbi təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından istifadə edilməsi planlaşdırılmışdı. Təlimə Özbəkistan, Serbiya, Suriya, Türkmənistan və Monqolustandan müşahidəçilər də dəvət olunmuşdu.

Görünən odur ki, KTMT artıq çat verməkdədir. Təşkilata üzv ölkələr arasında fikir ayrılıqlarının yaranması və hətta silahlı qarşıdurmaların yaşanması KTMT-nin varlığını sual altında qoyur. 

Nəriman Sultanoğlu
Missiya.Az


  • 9-10-2022, 16:18