ABŞ-ın “Foreign Policy” nəşrində İsrailin İqtisadi Sülh Mərkəzinin (Economic Peace Center - İsrail ilə Yaxın Şərq və İslam dünyası arasında sülhün təşviq olunması istiqamətində fəaliyyət göstərən qurum) informasiya-xəbər saytının redaktoru, siyasi analitik Reyçel Avrahamın Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan kütləvi məzarlıqla bağlı məqaləsi dərc olunub.Missiya.az xəbər verir ki, məqalədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə zidd olaraq Ermənistanın nəzarətində olan, lakin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad etdiyi Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlığın aşkarlandığı bildirilib. Qeyd olunub ki, həmin məzarlıqda əl-ayağı bağlanaraq kütləvi şəkildə basdırılmış 12 insan qalığı tapılıb. Bundan əvvəl isə Edillidə tapılan kütləvi məzarlıqlarda 25 insan qalığı aşkar edilmişdi.
Məqalədə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun özünün tviter hesabında mövzu ilə bağlı paylaşımına istinadla qeyd edilib: “1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələbləri kobud şəkildə pozulub! 1993-cü ildə Azərbaycan Ordusunun girov götürülmüş 25 hərbi qulluqçusu Xocavənd rayonunun Edilli kəndi ərazisində vəhşicəsinə qətlə yetirilərək kütləvi şəkildə basdırılıb”.
Müəllif qeyd edib ki, aşkarlanan qalıqların kəllə sümüklərində olan güllə deşikləri onların güllələnərək öldürüldüyünü sübuta yetirir. Müxtəlif media qurumlarının məlumatına görə, Ermənistan itkin düşmüş 4000-dək azərbaycanlının taleyi və kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.
Məqalədə, həmçinin vurğulanır ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə tapılmış kütləvi məzarlıqla əlaqədar özünün tviter səhifəsində paylaşımında bildirib: “Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib”.