Ötən gün Çexiyanın paytaxtı Praqa şəhərində Avropa Siyasi Birliyinin Zirvə Toloplantısı çərçivəsində Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqının prezidenti Şarl Mişel, Azərbaycan dövlət başçısı İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirildi.
Praqada liderlərin dördtərəfli görüşlərindən sonra birgə bəyanat qəbul olunub. Bu barədə xəbər Yelisey sarayının rəsmi saytında dərc olunub. Bəyanatda deyilir: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq”.
Nikol Paşinyan son bir neçə ay ərzində müəlliflik etdiyi çıxışlarına diqqət etsək, görərik ki, o, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Qarabağın Azərbaycan ərazisi kimi tanınması məsələlərinə tez-tez toxunur. Hətta bir neçə gün öncə Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyana məxsus “Aykakan Jmanak” qəzetində də Bakının İrəvan qarşısında qoyduğu tələblər dərc olundu. Bütün bunlarla yanaşı, regiondakı hazırkı şərtlər və Azərbaycanın getdikcə güclənən mövqeyi, ehtimal etməyə əsasə verirdi ki, Ermənistan növbəti danışıqlarda sülh müqaviləsi imzalamağa meyilli olduğunu göstərməyə çalışacaq.
Ötən gün isə Praqada İlham Əliyev və Paşinyan arasında keçirilən görüş zamanı qarşı tərəfin 1991-ci il xəritəsinə uyğun olaraq Azərbaycan ərazilərini tanıması, onu təsdiq edir edir ki, rəsmi İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Bununla bağlı Avropa İttifaqı tərəfindən yaradılacaq komissiya ilə birgə işləməyə razılıq verməsi də göstərir ki, Bakı və İrəvan Qərbin vasitəçiliyi ilə aparılan danışıqlardan məmnundur. Qərb tərəfindən yaradılacaq Komissiya Azərbaycan ərazilərində yox, Ermənistan ərazisində fəaliyyət göstərəcək.
Proseslərin arzulanan sonluğa doğru inkişaf etməsində əlbəttə ki, İlham Əliyevin xüsusi rolu var. Son dövrlər Qərb dairələri də Azərbaycan Prezidenti haqqında xoş sözlər işlədərək onun nə qədər xarizmatik bir lider olduğunu qeyd edirlər. Qərb də yaxşı anlayır ki, İlham Əliyev öz mövqeyindən geri çəkilən deyil. Sentyabr ayında baş verən toqquşma zamanı Azərbaycan ordusu ələ keçirdiyi və mühüm əhəmiyyət kəsb edən ərazilərdən bir addım da olsa, geri durmadı. Dünənki dörtərəfli görüşdə də sentyabr əməliyyatı və onun nəticələrindən bəhs olunmaması göstərir ki, Azərbaycanın haqlı mövqeyi qlobal səviyədə də tədricən qabul olunur. Başqa sözlə, İlham Əliyev Qərbi Azərbaycanın söykəndiyi prinsiplərlə razılaşmaq məcburiyyətində qoyur.
Əlbəttə, hər iki ölkənin bir-birinin ərazisini qarşılıqlı şəkildə tanınması, çox yaxınlarda sülh müqaviləsinin də imzalanacağına ümidləri artırır. Burada Ermənistanın Bakının şərtlərini qəbul etməsində rol oynayan əsas əmili də qeyd etməliyik. Bu isə, şübhəsiz ki, 12-13 sentyabrda sərhəddə yaşanan toqquşma zamanı müzəffər ordumuzun düşmənə vurduğu ağır zərbədir. Hələlik tam əminliklə də olmasa, yüksək ehtimalla deyə bilərik ki, İrəvan öhdəliklərindən qaçış yolunun olmadığını nəhayət anlamağa başlayıb və bizimlə hesablaşmağa məcbur olub.
Azərbaycan öz qətiyyətli mövqeyini ortaya qoyub bölgədə sülhə nail olmaq planına addım-addım yaxınlaşır. Bir müddət öncə Azərbaycana hədə-qorxu gəlib “Ermənistanla sərhədimiz bizim qırmızı xəttimizdir” deyən İran bu gün Bakıya birgə hərbi təlim keçirmək təklifi edib. Bu isə bir daha onu göstərir ki, Azərbaycan heç bir gücdən asılı olmayaraq müstəqil siyasətini davam etdirir və öz təsir imkanlarını möhkəmləndirərək hədəflərinə doğru inamla irəliləyir. Bu gün qlobal siyasətdə xüsusi çəkiyə malik Azərbaycan faktoru var. Bütün bunlar isə, şübhəsiz ki, İlham Əliyevin unikal siyasi gedişləri və diplomatik performansının nəticəsidir.
Daşqın Həsənov
Missiya.Az