Oktyabrın 5-6-da ölkəmiz ilk dəfə olaraq beynəlxalq şəhərsalma tədbirinə - "Azərbaycan Milli Şəhərsalma Forumu"na ev sahibliyi etdi. 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı ilk Milli Şəhərsalma Forumunda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi.
Forumda çıxış edən Prezident İlham Əliyev bir daha erməni vandalizminin əyani təzahürlərini və postmüharibə dövründəki Azərbaycan həqiqətlərini göstərərək qətiyyətli mövqeyini bir daha bəyan edib.
İlk forumun məhz Ağdam şəhərində baş tutmasının tarixi və rəmzi mənası var idi. İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunaraq erməni vandallarının 30 il ərzində törətdikləri cinayətləri təkcə bir şəhərimizin fonunda beynəlxalq ictimaiyyətə təqdim etdi. Prezident bunu yalnız müharibədən sonra işğaldan azad olunan torpaqlarımıza səfər edən xarici ekspert və jurnalistlərin söylədikləri həqiqətlər əsasında diqqətə çatdırdı: "Ağdam Qarabağda ən böyük şəhər idi, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri "urbisid qurbanı" idi, bu da tamamilə doğru idi. Digər ad "ruhlar şəhəri" idi, bu da tamamilə doğrudur. Biri də "Qafqazın Xirosiması" idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur".
İlham Əliyev həmçinin Vətən müharibəsindən ötən iki il ərzində Azərbaycanın yalnız öz qüdrətinə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad edilmiş torpaqlarımızda reallaşdırdığı layihələri diqqətə çatdırıb. Təkcə bu dövrdə Azərbaycan iki hava limanı, yaşayış kompleksləri, yol-nəqliyyat infrastrukturları, su və elektrik stansiyaları inşa edib. Qarşıdakı dövrdə isə daha möhtəşəm layihələr reallaşdırılacaq. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, görülən işlərin yalnız bir hissəsidir: "Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş-elektrik stansiyasının tikintisinə başlayacağıq. Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır".
İlk Milli Şəhərsalma Forumu işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da nadir və uğurlu platformadır.
Heydər Rəhimov Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı