AZ   |   RU
Deputatlar Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər


Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Könül Nurullayeva, qrupun üzvləri Eldar Quliyev və Kamran Bayramov Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin dəvəti ilə sentyabrın 25-də Xorvatiyanın Zaqreb şəhərinə səfər edib.

Səfərin ilk günündə nümayəndə heyətimiz Xorvatiyanın Xarici və Avropa işləri Nazirliyinin dövlət katibi Frano Matusiçlə görüşüb. Görüşdə iki ölkə arasında mövcud olan əlaqələrin inkişafı, həmçinin müxtəlif sektorları əhatə edən geniş əməkdaşlıq fəaliyyəti barədə məlumat verilib.

Nümayəndə heyətinin sədri K.Nurullayeva vurğulayıb ki, Azərbaycan və Xorvatiya bir çox beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir və bu əməkdaşlığın qarşılıqlı şəkildə genişləndirilməsi bizim prioritetlərimizdən biridir. Həmçinin K.Nurullayeva çıxışı zamanı iki ölkə arasında indiyədək imzalanmış sazişlər, parlamentlərarası əlaqələrin inkişafı məqsədilə görülmüş işlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində davam edən əməkdaşlıq barədə məlumat verib.

Milli Məclisin Hesablayıcı Komissiyasının sədri  Eldar Quliyev də ikitərəfli münasibətlərin inkişafına toxunub. Deputat həmçinin iki il əvvəl, sentyabrın  27-də baş verən İkinci Qarabağ müharibəsini xatırladıb.

Bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra edərək, öz ərazi bütövlüyünü bərpa etdi və işğala son qoydu. Bu gün Qarabağda və Şərqi Zəngəzurda yüksək standartlara uyğun bərpa-quruculuq işləri aparıldığını bildirən E.Quliyev mina probleminin bölgənin sürətli inkişafına mane olan əsas faktorlardan biri olduğunu vurğulayıb. Qeyd edib ki, mina problemi mülki insanların həyatını itirməsinə səbəb olur. E.Quliyev Azərbaycanın bölgədə dayanıqlı sülh və təhlükəsizliyin yaranmasında maraqlı olduğunu diqqətə çatdırıb.

Regional məsələlər, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov isə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Şəki və Naftalan şəhərlərinin Xorvatiyanın Varajdin və İvaniç-Qradın qardaşlaşmış şəhərlər olduğunu xatırladıb. Bildirib ki, regional inkişaf ikitərəfli münasibətlərdə əsas istiqamətlərdən biridir. Bu cür regionlararası əməkdaşlıq, Azərbaycan ilə Xorvatiya arasında mövcud ikitərəfli əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək.

Nümayəndə heyətimiz həmçinin Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiçlə də görüşüb. Görüşdə çıxış edən Könül Nurullayeva ölkələr arasında olan ikitərəfli əməkdaşlıqda iqtisadi əlaqələrin mühüm yer tutduğunu və Xorvatiyanın Azərbaycanla ticarət baxımından ən geniş əməkdaşlıq edən 10 ölkə sırasında olduğunu xatırladıb. K.Nurullayeva həmçinin Azərbaycan və Xorvatiya Hökumətləri arasında İqtisadi Əməkdaşlığın Təşviqi üzrə Birgə Komissiyanın və ölkəmizdəki Xorvatiya şirkətlərinin fəaliyyəti barədə məlumat verib, enerji sahəsində əməkdaşlığın da perspektiv vəd etdiyini qeyd edib. Sonda K.Nurullayeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərində Xorvatiya şirkətlərinin də yer almasından məmnunluq hissi duyduğunu və onların bu istiqamətdə daha fəal olacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, 4 gün davam edəcək səfər çərçivəsində deputatlarımız qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı və ikitərəfli münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılması məqsədilə bir sıra Xorvatiya rəsmiləri ilə görüşlərdə iştirak edəcəklər.




  • 27-09-2022, 19:57