AZ   |   RU
ABŞ Ermənistanı KTMT-dən çıxmağa həvəsləndirir - "Biz Ermənistanın təhkükəsizliyini daha yaxşı təmin etmək istəyirik"


Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri  bu gün İrəvanda mətbuat konfransı keçiriblər.

Missiya.Az
Armeniya Tudeyə istinadən xəbər verir ki, ABŞ nümayəndələri öz çıxışlarında Ermənistanın KTMT-dən çıxmasında maraqlı olduqlarına dair mesajlar veriblər. “Biz nə edə biləcəyimizi başa düşmək üçün buradayıq. Müdafiə məsələlərində əməkdaşlığa gəlincə, biz burada gözləntilərin və istəklərin nədən ibarət olduğunu anlamaq üçün buradayıq”, - deyə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qeyd edib.
  
Konqresmen Frank Pallone "ABŞ Ermənistanın KTMT-dən və Rusiyanın təsir dairəsindən çıxmasını gözləyirmi və Vaşinqton Ermənistanın və "Artsax" xalqının sərhədlərinin təhlükəsizliyinə zəmanət verməyə hazırdırmı" sualına cavab olaraq bildirib ki,  ABŞ Ermənistanın təhlükəsizliyindən narahatdır: “Biz başa düşürük ki, Ermənistan Rusiya Federasiyası ilə birlikdə bu təhlükəsizlik təşkilatının bir hissəsidir. Biz deyirik ki, ABŞ Ermənistanın təhlükəsizliyindən çox narahatdır və Ermənistanın təhlükəsizliyini daha yaxşı dəstəkləmək üçün mümkün olan hər şeyi etmək istəyirik".

Öz növbəsində Nensi Pelosi qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü, Ermənistanın demokratiyası ABŞ üçüb dəyərdir: "Biz Ermənistana nə edəcəyini demədən öz tərəfimizdən çıxış edərək, Ermənistan demokratiyasının prioritet olduğunu göstərməklə öz təsirimizdən istifadə edəcəyik”. 

Nümayəndələr Palatasının üzvü Ceki Speyer də çıxışında bildirib ki, Palata artıq Azərbaycanın hərəkətlərini pisləyən qətnamə təklif edib, o, "qətnamənin qəbul  olunacağına" ümid etdiyini vurğulayıb: “Biz ərazi bütövlüyünü qorumağa davam edəcəyik və Ermənistanın sərhədlərində istənilən dəyişikliyin əleyhinə olacağıq”, - deyə konqresmen qeyd edib. 

Son təcavüzlə bağlı ABŞ-ın Azərbaycana qarşı sanksiyalarının tətbiqinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Nensi Pelosi, "Dağlıq Qarabağ" əhalisinə, mədəniyyət abidələrinə münasibət məsələlərinin uzun müddətdir ABŞ-ın diqqət mərkəzində olduğunu qeyd edərək, ABŞ prezidentinin “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsində əməyi olduğunu xatırladıb. 

Öz növbəsində Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, erməni tərəfi “demokratiya, suverenlik və ərazi bütövlüyü" məsələlərində ABŞ-dan yardım gözləyir”. 

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi sentyabrın 17-dən 19 -dək Ermənistanda işgüzar səfərdədir. O, parlamentin spikeri Alen Simonyanla görüşüb. Pelosinin baş nazir Nikol Paşinyan və digər rəsmilərlə də görüşü nəzərdə tutulub.



  • 18-09-2022, 16:07