Rusiya BMT Təhlükəsizlik Şurasına Azərbaycanla Ermənistan arasında normallaşmada səyləri barədə məlumat verib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə deyib.
Nebenzya qeyd edib ki, Təhlükəsizlik Şurasının Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə bağlı qapalı iclasında ölkəsi adından münaqişəyə son qoymaq üçün görülən işləri açıqlayıb.
"Biz Rusiyanın həm ayrı-ayrılıqda, həm də KTMT vasitəsilə vəziyyəti normallaşdırmaq, atəşkəsə nail olmaq üçün göstərdiyi səylərdən, Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra KTMT-nin göstərəcəyi səylərdən danışdıq", - daimi nümayəndə qeyd edib.
Nebenzya vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrinin iştirakçıları yekdilliklə Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasının, vəziyyətin siyasi-diplomatik vasitələrlə nizamlanmasının tərəfdarı olduqlarını bildiriblər.
Daimi nümayəndə əlavə edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının Ermənistan və Azərbaycanla bağlı sənədinə prezidentlərin üçtərəfli bəyanatlarına istinadın daxil edilməsində israrlıdır.