Bir qrup erməni zəvvarın Kəlbəcər bölgəsindəki qədim Alban monastırı Xudavəngə (erməni versiyasına görə Dadivank - red.) girişinə icazə verilməyib.
Missiya.Az xəbər verir ki, zəvvar qrupuna rəhbərlik edən erməni yepiskop Vrtanes Abrahamyan “Qraparaq” saytına açıqlamasında bildirib ki, Azərbaycan tərəfi qadağa tətbiq etməsini zəvvarların maska taxmadan monastıra daxil olmaq istəmələri ilə izah edib.
Sitat:
“Onların dediyinə görə qadağanın tətbiq olunmasına səbəb zəvvarlardan heç birinin maska taxmamasıdır. Bizə izahat verilmədi, heçnə deyilmədi. Dedilər ki, geri dönün. Sülhməramlılar da bu qadağanın səbəbini pandemiya ilə əlaqələndirdilər. Biz Azərbaycan tərəfinin istəyi ilə zəvvarların sayını 25 nəfərdən, 10 nəfərə endirmişdik. Razılaşma var idi. Amma bizi monastıra buraxmadılar”, - sitatın sonu.
Üçməzdin kilsəsinin mətbuat xidmətinin rəhbəri Baba Vəhram Melikyan da “Armenpress” saytına açıqlamasında yayılan xəbərləri təsdiqləyib.
O bildirib ki, hadisə aprelin 25-də baş verib.
Sitat:
“Dadivank monastırına girişə icazənin verilməməsi ilə bağlı yayılan məlumat doğrudur. Aprelin 25-də Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri erməni zəvvarların monastıra girişinə icazə verməyiblər. Bu barədə Yepiskop Vrtanes Abrahamyan məlumat yaymışdı. Həmin monastırda yaşayan bir rahibə kahinlik sərəncamının verilməsi planlaşdırılırdı. Bu barədə Rusiya sülhməramlıları ilə də razılaşma var idi. Hazırda monastıra yaxınlaşmaq mümkün deyil”, - sitatın sonu.
Melikyanın sözlərinə görə, Azərbaycan tərəfinin istəyi ilə zəvvarların sayı 25 nəfərdən, 10 nəfərə endirilib.
Elvin
Missiya.Az