AZ   |   RU
Qobustanda mətbuat konfransı keçirilib – Yeni tapıntılar xarici mütəxəssislərin marağına səbəb olub
 
Qobustan Milli Tarixi-Bədii Qoruğundakı elmi-tədqiqat işləri ilə bağlı mətbuat konfransı keçirilib. 

Missiya.Az xəbər verir ki, konfrasda Qobustan Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev və ispaniyalı mütəxəssis Manuel Rodrigez iştirak edib.

Konfransı giriş sözü ilə açan qoruğun direktoru Vüqar İsayev öncə “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsi haqqında ətraflı məlumat verib.

Direktor, 2019-cu ildən icrasına başlanılan tədqiqat işinin COVID-19 pandemiyası ilə əlaqədar fasilələrlə davam etdiyini vurğulayıb. O, bildirib ki, layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən Ana zağa sığınacağının qayaüstü təsvirlərinin qeydiyyatı aparılıb.

Vüqar İsayev qeyd edib ki, ərazidə ilkin mərhələdə aparılan tədqiqatlar zamanı insan fəaliyyəti ilə bağlı olan Mezolit dövründən (təxminən 10,000 il əvvəl) Orta əsrlərə (XV əsr) qədərki dövrü əhatə edən 5 arxeoloji təbəqə qeydə alınıb.

Sonra söz İspaniyanın Rovira və Virginiya universitetinin professoru Manuel Vaquero Rodrigezə verilib. 

Manuel Vaquero vurğulayıb ki, aparılan son elmi tədqiqatlar nəticəsində ərazidən daş materiallar, insanlar tərəfindən ovlanmış heyvan sümükləri (qoyun, keçi, at və iribuynuzlu), bəzək əşyaları, keramika və son 10,000 il ərzində ətraf mühitin necə dəyişdiyini anlamağa imkan verən kömür qalıqları aşkar olunub.

Tədqiqatçı qeydə alınan ən maraqlı tapıntılardan birinin- Mezolit dövrünə aid edilən 5-ci təbəqədə aşkar olunan insana məxsus osteoloji qalıqlar olduğunu bildirib.

Manuel Vaquero həmçinin qeyd edib ki, aşkar olunan sümüklər azyaşlı bir şəxsin (4-8 yaş arası uşaq) ayağına aiddir.

“Ana zağadakı insan qalıqları son ovçu-yığıcı cəmiyyətinin ənənəvi rituallarının və simvolik davranışlarının öyrənilməsində açar rolunu oynayır. Sonrakı tədqiqatlar qalıqları aşkar olunmuş uşağın DNT-sini və onun daha çox ovçu-yığıcı Avrasiya populyasiyaları ilə əlaqələrini müəyyən etməyə imkan verəcək. Eyni zamanda, izotopik analiz bu insanların gündəlik qidalanması haqqında məlumat əldə etməyə şərait yaradacaqdır" – deyə o bildirib.

Daha sonra iştirakçılar media nümayəndələrinin suallarını cavablandırıb. Sonda media nümayəndləri üçün infotur təşkil olunub.

Xatırladaq ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Qobustan Milli Tarix-Bədii Qoruğunun, Madrid Komplutense Universitetinin (İspaniya) və Ferrara Universitetinin (İtaliya) dəstəyi ilə həyata keçirilib.

Leyla Səməndər
Missiya.Az


         


  • 24-08-2022, 18:37