AZ   |   RU
AMEA arxivi ilə bağlı yayılan iddialara - Cavab verdi

"Bu gün bəzi xəbər saytlarında yayılan “AMEA-nın arxivi talanır” başlıqlı yazıda AMEA əməkdaşlarının fürsətdən istifadə edib nadir arxiv materiallarını, əlyazmaları və nadir çap nüsxələrini talaması və öz mənzillərinə daşıması ilə bağlı məlumat həqiqəti əks etdirmir, ağ yalandır".

Missiya.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb. Məlumatda deyilir: 
"Nəzərinizə çatdırırıq ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan xalqının tarixi, ədəbiyyatı, qədim mədəniyyəti bağlı qədim əlyazmalar, milli keçmişimizi özündə yaşadan unikal tarixi-arxeoqrafik sənədlər, XIX-XX əsrlərdə yaşamış görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi arxivi, əski çap kitabları və nadir mətbuat nümunələri xüsusi həssaslıqla qorunur. Son illərdə institutun fondlarında mühafizə olunan materialların, qədim əlyazmaların oxucu ilə təmasını minimuma endirmək üçün əlyazma abidələrinin elektronlaşdırılması işi yüksək səviyyədə təşkil olunub. Fondlarda mühafizə olunan materialların yarıdan çoxu artıq elektronlaşdırılıb və oxuculara elektron qaydada təqdim olunur. Yalnız institut rəhbərliyinin icazəsi və bu işə cavabdeh olan əməkdaşların birbaşa nəzarəti altında əlyazma abidələri və arxiv sənədləri istifadə üçün oxuculara institutun oxu zalında təqdim oluna bilir. İstifadə prosesi isə nəzarət altında həyata keçirilir.
İldə iki dəfə institutun fondlarında mühafizə olunan bütün materiallar, arxiv sənədləri və nadir çap nüsxələri invertarizasiya olunaraq bir-bir tutuşdurulduqdan sonra fond saxlancları dizenfeksiya edilir.

Hazırda da Əlyazmalar İnstitutunun saxlanclarında qorunan bütün materiallar dizenfeksiya edilərək qapadılmışdır. Əlyazmalar İnstitutunun saxlanclarından heç bir sənəd və ya əlyazma nüsxəsinin, əski çap kitabının və nadir mətbuat nümunələrinin çıxarılması qeyri-mümkündür. Çünki materiallar xüsusi qaydada mühafizə altında qorunmaqdadır və mühafizə polisi qorunmanı dünya standartlarına cavab verən şəkildə həyata keçirir".

  • 30-07-2022, 20:00