Azərbaycanda ümumi investisiya mühiti yaxşılaşmağa davam edir.
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, Azərbaycan hökuməti xarici investisiyaları cəlb etməyə, özəl sektorun rəhbərlik etdiyi artımı stimullaşdırmağa və iqtisadiyyatın şaxələndirilməsi üçün islahatlar aparmağa çalışır.
"2021-ci ildə Azərbaycan iqtisadiyyatı illik müqayisədə 5,6 faiz artıb. İqtisadiyyat pandemiyadan sonra bərpa olmağa davam etdikcə iqtisadiyyatın həm neft-qaz, həm də qeyri-neft-qaz sektorları genişlənib. Neft-qaz sektoru tarixən xarici investisiyaların ən böyük hissəsini cəlb etdiyi halda, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi üçün dörd qeyri-neft sektorunu seçib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat/logistika. Son illər biznes mühitinin yaxşılaşdırılması və bütövlükdə iqtisadiyyatda islahatların aparılması, gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan bəzi yoxlamaların dayandırılması və vergi rejimində islahatların aparılması istiqamətində tədbirlər həyata keçirilib", - deyə hesabatda bildirilir.
Dövlət Departamentinin materiallarında qeyd olunur ki, Azərbaycan hökuməti fəal şəkildə birbaşa xarici investisiyaları cəlb edir.
"Azərbaycana, ilk növbədə enerji sektoruna birbaşa xarici investisiya axını son illər durmadan artır. Xarici investisiyaların tam və qeyd-şərtsiz hüquqi müdafiəsi xarici investisiyaların qorunması haqqında qanuna, investisiya fəaliyyəti haqqında qanuna və beynəlxalq razılaşma və müqavilələrdə əks olunan təminatlara uyğun olaraq təmin edilir. Bu qanunlara uyğun olaraq, xarici investorlara, o cümlədən xarici birgə müəssisə tərəfdaşlarına münasibət yerli investorlardan heç də az əlverişli deyil", - deyə hesabatda qeyd olunur.