Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Dövlətimizin başçısı görüşdə çıxış edib.
İlham Əliyev çıxışında bütün məsələlərə aydınlıq gətirərək bir daha söylədi ki, ölkədə qanunsuz əməllərə qarşı mübarizə daha da güclənib. Hazırda idarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri görülür. Neqativ hallara, qanun pozuntusuna yol verən hər kəs cəzalandırılır. Dövlət məmurlarını, yerli icra orqanlarını qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırılıb. Ona görə də yeni icra başçıları dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlidirlər.Prezident yeni icra hakimiyyəti başçılarının timsalında bütün məmurlara sərt xəbərdarlığını etdi: "Bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır".
Azərbaycanın çox böyük perspektivləri olduğunu vurğulayan dövlət başçısı bir daha vurğuladı ki, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra müzəffər xalq kimi ləyaqətlə yaşayırıq. Buna görə də ölkədə heç bir narahatedici problemin, heç bir ədalətsizliyin olmaması üçün işlər qaydasında getməlidir. Bunun üçün dövlət məmurları öz vəzifə borclarını şərəflə yerinə yetirməlidir. Əgər bu, baş verməsə, həmin məmur mütləq cəzalandırılacaq: "İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın".Prezidentin sosial-iqtisadi və siyasi islahatlarının uğurları göz önündədir. İdarəçilik sisteminin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi gələcəyə daha böyük inamla addımlamağa, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə əsas verir.Dövlət başçısının mütərəqqi islahatları isə ölkəmizin dinamik inkişafının gətirdiyi yeni keyfiyyət mərhələsində baş tutur və kompleks xarakter daşıyır.
Kənan Abdullayev
Nizami Rayon İcra Hakimiyyəti başçısının 3№-li SİƏD üzrə nümayəndəliyinin məsul işçisi