Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları cəmiyyət həyatı üçün böyük əhəmiyyət kəsb edir. Çünki hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verir və bu da vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Müasir dövrün çağırışlarına cavab verən islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına xidmət edir.
Bu islahatlar ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir. Hələ illər öncə Azərbaycanda kadr islahatlarına ehtiyacın olduğunu bildirən İlham Əliyev bu prosesləri dəyərləndirərkən deyirdi ki, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib.
Prezident İlham Əliyev yeni təyin olunmuş İcra başçılarına vətəndaşlarla bir yerdə olmaq, daim xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək, vətəndaş məmnunluğunu, həmçinin rayonların inkişafı üçün daxili və xarici investisiyaların cəlb edilməsini təmin etmək kimi tövsiyə və tapşırıqlarını verib, eyni zamanda ciddi xəbərdarlıqlarını da bildirib.
Regionların sosial-iqtisadi inkişafından, iqtisadi layihələrin icrasından söz açan dövlət başçısı, eyni zamanda şəhid ailələri, qazilərə dövlət qayğısından danışaraq bütün məmurlara bununla bağlı ciddi xəbərdarlıqlarını da çatdırıb. Hər zaman olduğu kimi, bu dəfə də Prezident yeni kadrlardan gözləntilərini açıqlayıb, onların idarəçilikdə daha çox bu məsələlərə üstünlük verməli olduqlarını da bildirib: “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.
Görüşdə vətəndaş amilinə verilən yüksək dəyər verilməsini önə çəkən dövlətimizin başçısı bu sahədə sosial ədalət prinsipinin əsas götürüldüyünü vurğulayıb.
Yeni kadrlara böyük etimad göstərildiyini söyləyən Prezident qeyd edib ki, son vaxtlar ölkəmizdə gedən çoxşaxəli islahatlar, o cümlədən idarəetmə sahəsində aparılan islahatlar, həmçinin kadr islahatları dövlətin siyasətini və niyyətini göstərir.
Fəridə RzayevaNizami Rayon İcra Hakimiyyəti başçısının 2№-li SİƏD üzrə nümayəndəliyinin məsul işçisi