AZ   |   RU
Sabah II Milli Yaylaq Festivalı başlayır - Hacıkənd 100 mindən artıq qonağı qarşılayacaq

Azərbaycanda iyulun 29-31-i tarixlərində II Milli Yaylaq Festivalına start veriləcək.

Missiya.Az
xəbər verir ki, “Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən Festival bu il Hacıkənd qəsəbəsində yerləşən “Xan Yaylağı” Etno-qəsəbəsində təşkil olunacaq. Festivalın əsas məqsədi Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıtmaqdır.

II Milli Yaylaq Festivalının rəsmi tərəfdaşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın rəhbərlik etdiyi Dünya Etnospor Konfederasiyasıdır. "Xan Yaylağı" Etno-qəsəbəsində "Etnospor oxçuluq ərazisi"-nin qurulması Dünya Etnospor Konfederasiyasının xətti ilə həyata keçirilir. “Xan Yaylağı” Etno-qəsəbəsi ərzisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələr fəaliyyət göstərəcək.  

Festivalda 100 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur.  

II Milli Yaylaq Festivalının iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.

Qeyd edək ki, 29-30-31 iyul tarixlərində, səhər saat 08:00-dan etibarən Gəncə şəhərinin mərkəzində yerləşən Mərkəzi Univermağın qarşısından və Göygöl rayon avtovağzalının qarşısından Milli Yaylaq Festivalının keçiriləcəyi “Xan Yaylağı” Etno-qəsəbəsinə doğru və müvafiq olaraq geriya ictimai nəqliyyat hərəkət edəcəkdir.  Gediş haqqı 1 nəfər üçün 1.5 azn (1 manat 50 qəpik) nəzərdə tutulub.







  • 28-07-2022, 13:51