AZ   |   RU
Güləşçilərimiz dünya çempionatında 2 gümüş və 2 bürünc medal qazandı
İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.

Missiya.Az xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışında millimizin üzvü Səid Xəlilov (48 kq) ABŞ idmançısı Kristian Kastilyo (4:2) və misirli Amr Elşaerə (4:1) qalib gələrək yarımfinala yüksəlib. S.Xəlilov finalın bir addımlığında hindistanlı Ronit Şarmayla bacarmayıb - 0:7. Təmsilçimiz bürünc medal uğrunda görüşdə yaponiyalı Yu Takemotoya 9:1 hesabı ilə qalib gələrək dünya üçüncüsü olub.

Güləşçimiz Fəraim Mustafayev (55 kq) səkkizdəbit finalda misirli Hüseyn Hasaneynə (8:0), növbəti mərhələdə gürcüstanlı Saba Surmanidzeyə (tuşe), yarımfinalda isə türk Halil Çinara (11:0) vaxtından əvvəl qalib gələrək dünya çempionatının finalına yüksəlib. F.Mustafayev həlledici görüşdə hindistanlı Surac Suraca (0:11) məğlub olub və dünya çempionatının gümüş medalını qazanıb.

İsmayıl Rzayev (80 kq) polşalı Voyçieş İvanovski (5:0), macar Oliver Kovaç (4:1) və serbiyalı Branko Dukiç (7:2) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. İ.Rzayev iranlı Azərşabı vaxtından əvvəl (9:0) üstələyərək finala vəsiqə qazanıb. Güləşçimiz həlledici görüşdə türk Alperen Berberə 2:3 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Məzaim Mərdanov (110 kq) özbəkistanlı Rustam Sadikovu (10:1) və avstriyalı Leonard Yungeri (5:2) məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə türk Cemal Bakır keçilməz olub - 0:9. M.Mərdanov bürünc medal uğrunda görüşdə isə gürcüstanlı Davit Mqeladzeyə "tuşe" ilə qalib gəlib və dünya çempionatını üçüncü pillədə başa vurub.

Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatında 2 gümüş və 2 bürünc medal qazanıblar.

  • 26-07-2022, 23:50