AZ   |   RU
Ağalıda ölən qadın bu səbəbdən dünyasını dəyişib - oğlundan açıqlama

Zəngilanın Ağalı kəndinə əhalinin məskunlaşdırılması zamanı vəfat edən sakin Kübarə Sultanovanın ölüm səbəbi aydın olub.

Missiya.Az AzVision.az -a istinadən xəbər verir ki, bu barədə mərhumun oğlu Valeh İsmayılov danışıb. O bildirib ki, anası bir ilə yaxın imiş ki, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

“Anam birinci qrup əlil idi. Bir il bundan qabaq onkoloji xəstəliyi olduğu aşkara çıxmışdı. Bakıda həkim demişdi ki, əməliyyat olunmalıdır, bizimisə maddi imkanımız yox idi. Həm də yataq xəstəsi idi, əməliyyatdan sağ çıxmaya bilərdi. Ona görə də həkim demişdi ki, aparın, nə qədər ömrü qalıbsa, o qədər yaşayar.

Ağalıya köçəndən sonra qızdırması qalxdı. Təcili yardım çağırdıq. Tibbi müdaxilə edib getdilər. Səhhəti gecə ikinci dəfə pisləşəndə yenə təcili yardım çağırdıq, baxıb dedilər ki, artıq can verir. Ondan az sonra anam vəfat etdi. O, sosial şəbəkələrdə yazıldığı kimi ürək tutmasından vəfat etməyib”.

Qeyd edək ki, K.Sultanovanın 57 yaşı olub. O, doğma kəndində torpağa tapşırılıb.

  • 25-07-2022, 20:38