Medianın Şuşa zirvəsi, kökdən düşmüş piano və erməni şagirdin atılmış dəftəri - Reportaj - Fotolar + Videolar
Oğlu anayla qardaşa qibtə etdirən Şuşa
Müqəddəs Şuşaya ikinci dəfə idi gedirdim. Qala şəhəri işğaldan öncə görmək qismətimə düşmədi. Sovet dövrü anam və ortancıl qardaşım bu şəhərdə olublar. Həmkarlar işçiləri sanatoriyaya göndərərmiş, insafla deyək, indi də göndərir. Sadəcə indi Şuşa yollayışı hələ yoxdur. Eh, nə deyim əzizlərimə Qarabağın mirvarisi olan şəhərdə cəmi 5 gün qalıblar. Qardaşım uşaq idi, darıxıb evə qayıtmaq istəyib və vaxtından əvvəl Bakıya dönüblər.
1983-cü il. Anam və ortancıl qardaşım Şuşada
Nə olsun, hər dəfə Şuşa söhbəti düşəndə qardaşıma və anama “xoşbəxt adamsız” deməyi unutmurdum. Həqiqətən elə də hesab edirdim. Anamdan o yerlər haqqında soruşurdum, danışırdı, təsəvvürümdə canlandırırdım. Kvant fizikası sübut edir ki, yazılmamış kainat qanunu var, ora nə göndərsən özünə qayıdır. Anamla qardaşımın Vaqifin məqbərəsi qarşısında çəkdrdiyi fotoya baxıb təsəvvürlərimdə həmin yerə çox getmişdim. Vaqifin oğlu Əli ilə birlikdə öldürülmək üçün arabada indiki məqbərə olan məkana necə aparıldıqlarına dair tarxi faktları da oxumuşdum ki, təsəvvürüm daha dəqiq olsun.
Bəli, azərbaycanlıların kainata ötürdükləri Qarabağ arzusu gerçəyə çevrildi. Təsəvvürümzdə daim bizimlə olan o müqəddəs yurda qovuşduq. Qovuşdurana şükür. Bu kəlməni hər addımbaşı deyirik, deməliyik.
Şuşaya ömrümdə ilk səfərim - 27 dekabr, 2021-ci il - Təşkilatçı: Medianın İnkişafı Agentliyidir
İşğaldan azad olunandan sonra Şuşaya ilk səfərimin təəssüratı məni rahat buraxmırdı. Onda da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə getmişdik. Bizdən öncə gedənlər deyirdilər ki, Şuşanı bir dəfə gördünsə, ən azı bir ay gözlərinin qarşısından çəkilməyəcək, kiminlə hansı mövzuda danışmağına baxmayaraq, elə hey Şuşanı görəcəksən. Həqiqətmiş. Xeyli müddət hara baxdımsa bir neçə saatlıq təmasda olduğum Şuşa gözlərim qarşısında canlandı.
Jurnalistləri Bakıdan gətirən xüsus təyyarə Füzuli Beynəlxalq Hava Limanına enir
Şuşaya təyyarə qanadları ilə deyil, öz qanadlarımla uçmuşam
Nə yaxşı ikinci şans yaradıldı və Şuşaya gedən 200-ə yaxın media nümayəndəsi arasında mənə də yer tapldı. Anamla qardaşıma etdiyim qibtə isə azalmadı. Onlar 5 gün Şuşada qalmışdılar, biz heç bir gecə də qala bilmədik. Proqrama uyğun ötən dəfə də belə olmuşdu. Yox, pəjmürdə deyiləm, getməsəydim belə, yenə Şuşa xoşbəxtliyinə bütün vücudumla şükr etməkdən zərrə qədər çəkilməzdim.
Cənab Prezident jurnalistləri 22 İyul peşə bayramı günü Şuşa səfəri ilə təbrik etdi. Möhtəşəm təbrikdir. Dəyərli həmkarlarımızla, Şuşann fatehləri olan qazilərimizlə bir yerdə olduq, bizi yenə Medianın İnkişafı Agentliyi apardı, xüsusi təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına, oradan Zəfər yolu ilə Şuşaya üz tutduq, səfərə cənab Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyev rəhbərlik etdi, bizi hava gəmisinin salona yayılan səsgücləndiricilər vasitəsilə bal kimi sözlərlə salamladı, geri dönəndə iki həmkarımın – Rauf Arifoğlu və Yunus Oğuzun doğum gününü Qarabağ səmasında qeyd etdik, Forumda 20-yə yaxın məşhur xarici jurnalistllər də yer aldı, onlardan birinin TASS İnformasiya Agentiyinin direktor müavini Mixail Qusman idi. O qədər əsrarəngiz səfər oldu ki, hələ də bu hisslərin təsiri altındayam: Şuşaya təyyarə qanadları ilə deyil, öz qanadlarımla uçmuşam.
Hikmət Hacıyev Beynəlxalq Media Forumun iştirakçılarına Azərbaycan Prezidentinin ünvanladığı məktubu oxuyur
Səni Prezident təbrik edirsə, daha nə dərdin...
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Media Forumun iştirakçılarına ünvanladığı təbriki Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxudu.
Ökənin birinci şəxsinin barəmizdə söylədikləri çox sevindiricidir. Dövlət başçısı bu forumun 30 ildən sonra Şuşada keçirilməsini Azərbaycan mediasının tarixində əlamətdar hadisə kimi dəyərləndirir. Mətbuatın keçdiyi tarixi yolda jurnalistlərin şərəflə addımladığının, jurnaliskada nəticəli islahatlar aparıldığının, Vətən müharibəsi dövründə həm də informasiya savaşındakı qələbəmizin, dövlətin jmedia mənsublarına göstərdiyi qayğının, xaricdən gələn böhtan xarakterli informasiya hücümları qarşısında sipər olmağımızın, vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr verməyimizin ölkə başçısı tərəfindən təsdiqləndiyi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da səylərimizi əsirgəməyəcəyimizə Prezident inamının əks olunduğu təbrik məktubu ürəyimizə yağ kimi yayıldı. Əgər fəaliyyətimizi birinci şəxs qiymətləndirirsə, nə xoş bizə.
Şuşa səfərini təşkil edən MEDİA-nın icraçı direktoru konfrans iştirakçılarını salamlayır
Reportaja belə də ad qoymaq olardı: MEDİA-nın cəfakeş əməkdaşlarına həsr olunur
Proqramı öncədən təqdim etmişdilər. MEDİA-nın cəfakeş əməkdaşları WhatsApp qrupu yaratmış, bütün detallara qədər orada məlumatlar təqdim olunmuşdu. Bizi daim vacib məlumatlarla təchiz edən, 200 jurnalistin yazdığı bəzən təkrar-təkrar suallara yorulmadan cavab verən, hər xırda nüansı gözdən qaçırmayan, səfər günü avtobuslara, təyyarəyə, konfransın keçiriləcəyi məkana səliqə-səhmanla gediş-gəliş təşkil edən, çıxışçılara, dinləyicilərə yüksək şərait yaradan, bir sözlə, əsl mənada nazımızı çəkən MEDİA-nın əməkdaşlarına, könüllülərinə adbaad təşəkkür ünvanlamağı da özümə borc bilirəm. Reportaj misra relsindən çıxmasaydı, bir-bir adlarını yazardım. Yükün ağır hissəsini üzərinə götürən xanım həmkarımızın subyektiv, həm də obyektiv, daha doğrusu iradəsindən asılı olmadan təbiətin hökmünə uyğun məcburi səbəbdən bizimlə bir arada ola bilməməsini isə hamının adından təəssüflə qeyd edirəm. Bir neçə əməkdaşımız da eyni səbəbdən səfərə qatıla bilmədi, bu gerçək də üzücü oldu.
15 iyun 2021-ci il. Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti Şuşa Bəyannaməsini imzaladı
Forumun keçirildiyi Şuşa Bəyannaməsinə şahidlik edən Realnı Məktəbi binasının qarşısını ibütün dünya tanıyır
Forum Şuşa Realnı Məktəbi binasının qarşısında qurulan salonda keçirilirdi. Şuşa Bəyannaməsi də məhz bu məkanda imzalanıb. Azərbaycan Prezidenti bu məkandan dəfələrlə çıxışlar edib, dünyaya ədalət, sülh, əminamanlıq çağırışları ünvanlayıb, "Əziz Şuşa, biz qayıtdıq" nidasını tarixə həkk etdirib. Rəsmi açılış mərasimi sonra Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı videoçarx nümayiş olundu. Forum 4 paneldən ibarət idi. Həqiqətən maraqlı mühaziərlər eşitdik. Mühazirəçilərin və mövzuların adlarını sıralamasam olmaz. Rreportaj janrının tələbini poza bilmərəm. Beləliklə...
Şuşa Beynəlxalq Media Forumunun iştirakçıları Azərbaycanın Dövlət Himnini oxuyurlar
Panel 1: Yeni media jurnalistikasına keçid: Konvergensiya va yeni imkanlar
Mövzu: Ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada “fake news”la mübarizə.
ASAN Radionun direktoru Emin Musəvinin moderatoluğu ilə keçirilən paneldə TASS informasiya Agentliyinin baş direktorunun birinci müavini Mixayil Qusman, “Əl-Cazirə” Media İnstitunun təlimlər üzrə meneceri Mahammad Talal Abdulkarim, APA Media Qrupunun baş direktoru Vüsalə Mahirqızı, “haqqın.az” analitik-informasiya vebsaytının rəhbəri Eynulla Fətullayev, “BTA” İnformasiya Agentliyinin baş direktorunun müavini Evgeniya Doitcheva Droumeva vacib məqamlarla zəngin olan mühazirələr söylədilər.
Panel 2: Media etikası: Rəqamsal mühitdə jurnalistlərin peşə davranışı
Mövzu: Mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika.
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatoru olduğu paneldə Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi, Real Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mir Şahin Ağayev, Anadolu Agentliyinin baş redaktoru Yusif Özhan, Jurnalistlərin Həmkarlar İttifaqı İctimai Birliyinin sədri Müşviq Ələsgərli, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu mövzuya dair fikirlərini söylədilər.
Panel 3: Azərbaycan mətbuatında Şuşa izi
Mövzu: Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, Şuşanın qələm sahibləri və qəzeti.
“Azernews” qəzetinin baş redaktoru, deputat Sevil Mikayılovanın moderatorluğu ilə təşkil olunan paneldə İraq Respublika Strateji Araşdırmalar Mərkəzinin direktoru Matz Muhy Abdulhamid Obada, “Azərbaycan Dövlət Televiziyası və Radio Verilişləri” QSC-nın sədri Rövşən Məmmədov, Azərbaycan Jurnalistlər Birliyi ictimai təşkilatının sədri, Elçin Şıxlı, “Yeni Müsavat” Medaia Qrupunun rəhbəri Rauf Arifoğlu, “Azad Şuşa” saytının və “Şuşa” qəzetinin (işğaldan əvvəl) baş redaktoru Kərim Kərimli qələbədə medaianın rolundan bəhs etdilər.
Panel 4: Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri
Mövzu: Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı. ADA Universitetində Siyasi Tədqiqat və Nəşrlər üzrə direktoru Damjan Krnjeviç Miskoviç, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) sədri Aslan Aslanov, Türk Dövlətləri Təşkilatının layihə direktoru Ersin Aydoğan, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi direktorunun birinci müavini Dilşad Saidjanov, Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və işçi qrupunun rəhbəri Rasim Bağırov, CBC TV-nın baş direktoru Vüqar Xəlilov iki qardaş ölkə mediasının gələcək planlarının effektli şəkildə həyata keçirilməsinin vacibliyi ətrafında fikir mübadiləsi apardılar.
Zəngin ifadələrlə bol olan 1-ci panel
Xarakterin jurnalistika standartı ilə toqquşmasında bir xəsarət alan olur, o da media
Açıq, səmərəli, bəzi məqamlarda sərt müzakirələrin şahidi olduq. Fərdi xarakterlə jurnalist peşəsinin toqquşduğu anlara da şahidlik etdik. Asan deyil, dostlar. Jurnalistlər dünyanın hər yerində fərqli düşüncə tərzinə malikdirlər. Onların beyni daim işlədiyindən, fərqli görünmək ehtirsaına malik olduqlarından hamı kimi deyillər. 3 hakimiyyətdən sonra əlavə bir hakimiyyətin – 4-cü hakimiyyətin formalaşmağına ehtiyac varsa, bütün müstəqil ölkələrdə bu ehtiyac zərurətdən doğursa, jurnalistlərin əlahiddə qüvvə olduqlarını gərəkdir qəbul edək. Əsas mühitdir. Forumda bizə sərbəst fikir söyləməyə, jurnalistikanın vəziyyəti ilə bağlı tənqidlər səsləndirməyə, təkliflər verməyə, replikalar atmağa tam şərait yaradılmışdı. Artıq təsdiqlənib: azad jurnalist cəmiyyətin inkişafına daha çox töhfə verə bilər. Qəbul olunub: media azad olanda dövlətin dayağı missiyasını daha dəqiq icra edir. Bəzi replikalarda həmkar eqosu da nəzərə çarpdı. Belədəki çarpsın da, söz və fikir Vətən sevgisi, cəmiyyət təəssübü, peşə məhəbbəti çərçivəsində söyləniləndə təhlükəli olmur, əksinə, xeyirli olur.
Beynəlxalq Media Forumdan növbəti foto
Unutmayacağımız ifadələrlə zəngin Forum
Forum xeyirli nəticələrlə yadda qaldı. Unutmayacağımız ifadələr, bilik bazama zənginlik gətirən fikirlər, urvatlı təkliflər eşitdik. Cənab Qusmanın “fake” xəbərlərə qarşı yalnız dürüst yazmaqla mübarizə aparmaq olar fikri, “hansı mövqeni sərgiləyirsən fərq etməz, əsas odur vətənini sevəsən” deyimi, Mahammad Talalın etik davranış qaydalarına əməl etməyin jurnalist xarakteri ilə əlaqəli olduğuna dair izahı, Şəfəq Mehdiyevanın Həsən bəy Zərdabidən gətirdiyi “cəmiyyət mətbuat üçün yox, mətbuat cəmiyyət üçün çalışmalıdır” sitatı, "Biz bu gün o əkinçilər olmalıyıq ki, toxumlarından Aərbaycanın işğal olunmuş əraziləri cücərəcək" - jurnalistin Vətən təəssübünü özünə vahid yol seçməyə sövq edən belə səliqəli fikri çıxışında Mir Şahin Ağayevin söyləməsi, Eynulla Fətllayevin marksizmi imperializm, liberallığı demokratiya, xarici oxucunu, daxili auditoriya ilə uzlaşdırması, qarşılıqlı müqayisə aparması, sonda hamını Marksizmə dəvət etməsi, Vüqar Zifəroğlunun “yeni mediada etik davranış funksiyasını daha çox itirmiş olur və bu təhlükəli tendensiyanın qarşısını yalnız peşəkarlıqla almaq olar” mövqeyi ilə hədəfi düzgün seçməsi, Vüsalə Mahırqızının xəbərlərdə kənara çıxmaları, standartdan sapmaların, qeyri-dəqiqliyə yol verilməsinin özünəməxsus ifadə tərzi ilə izah etməsi, Rəşad Məcidin, Flora Xəlilzadənin, Nailə Balayevaqıcıqlandırıcı replikaları, Müşviq Ələsgərlinin yeni media dövründə etik kodeksi təhdid edən qlobal trendlərin nələr olduğunu açıq söyləməsi konfransa rəng qatdı. Oxucu özü seçsin, bu rənglərdən hansı qaradır, hansı ağ. Əsas odur rəng oldu, Forum sönük, soyuq keçmədi. Şuşadaydıq da. Çuşa gəlməmək mümkünszüdür. Havana, suyuna qurban, adamı havalandıran Şuşa.
TASS İnformasiya Agentiyinin direktor müavini Mixail Qusman unudulmaz mühazirə söylədi
Yəqin soruçacaqsınız ki, sən nə etdin. Biz mühazirəçi deyildik, yalnız sual vermək ixtiyarımız var idi, bu imkanı da qaçırmadım. İnsafla deyim, verdyim sualı kənardan diqqqətlə özüm də dinlədim və mühazirəçilərin əksəriyyətinin həvəslə cavablandırmasından gərəkli sual olduğunu anladım: jurnalistkanın dərdinə toxunaraq, dürüstlüyün operativliyə qurban getməsinin qarşısını almağın yollarına aydınlıq gətirilməsini istəmişəm. Əzizim Rəşad bəy də dedi ki, bu suala gərək bir panel həsr edəsən. Doğrusu bu replikanın şirin, ya turş olduğunu qavrayammadım. Rəşad Məcidi elə ona görə baməzə adam kimi tanıyırıq, ona həmişə yaşıl işıqdır.
2022-ci ilin 22 İyulu gözəl oldu. Ömür ona yazılan günlərin mənalar toplusudur. Ömrümüzün mənasına Şuşa ucalığında gün əlavə olundu. Dağıdılmış, ancaq füsunkarlığına zərrə qədər xələl gəlməyən müqəddəs Şuşanı ziyarət etməyə vaxtımız da qaldı. İki saat həm 20, həm də 2 dəqiqə təsiri bağışladı. Belə olmur, eləmi? Olur, Şuşa möcüzəli yurddur. İnsanı riqqətə gətirən nə varsa, Tanrı bu torpağa pay göndərib.
Tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Şuşa sağalır, Şuşa danışır, Şuşa gülür. Şuşa əvvəlkindən daha möhtəşəm əzəməti ilə yaşayır, doğmlarını sevinə-sevinə böyük ruh yüksəkliyi ilə qarşılayır.
Jurmalist Nicat Dağların babasının Şuşada ermənilər dağıtdığı ikimərtəbəli evi
Qardaş həmkarım Nicat Dağların babasının Şuşadakı evində yaşadığımız bir ömür
Dağıdılmış, adamsız evlərdə olduq. Ayağımızı kəndarsız kəndara qoyanda mənzillər anındaca bəzəndilər, əşyalar öz yerlərinə qayıtdı, həmin ev, həmin otaqlar gözlərimiz qarşısında cilvələnməyə başladı. Qardaş həmkarım Nicat Dağların babasının mülkü də Şuşadadır. İkimərtəbəli ev alt-üst olub, ermənilər 2020-ci ildə əsgərlərimizin çəkmələrindən qopan səsləri eşidib qaçana qədər bu evlərdə yaşayblar, qaçanda hər yeri viran qoyublar. Nicat bu mənzildə ayaq açıb, 3 aylıq yay tətillərinin hər gününü burada yaşayıb. O, mənzildə nəyin harada olduğundan danışır, hansı əşyanın adını çəkirsə, o əşya geib əvvəlki yerində durur. Birinci mərtəbədəki pianinonu görəndə elə sevinirik ki, qırıq-qırıq olan alətin tozunu almaq üçün əski axtarıram. Klavişləri – dilləri işləmir. Barmaqlarımızla işləyən bir-iki dil axtarırıq. Tapırıq və o dillərdə “Qarabağ” mahnısını çalmağa çalışıram. “Anadır arzulara hər zaman Qarabağ”... Gözlərimiz dolur, düşündüyümü əziz qardaşımla bölüşürəm. Deyirəm: “Yox, Şuşanın, torpaqlarımızın işağldan azad olunması hadisəsini mahiyyətini tam dərk etmək mümkün deyil. İnsan beyni kainat ağırlığında inforamasiyanı ağlına yerləşdirə bilməz, əks təqdirdə beyin partlayar, yanıb külə dönər. Şuşaya yenidən sahiblənmək qara dəliklərdən sonra həyat tapmaqla eyni dərəcədə izaholunmaz, dərkedilməz hadisədir”. Üzürlü sayın, ola bilsin səfsəfə söyləyirəm, yazdım axı, Şuşada havalanmamaq mümkünsüzdür. Mənzilimizi səliqəyə salırıq. Əziz qardaşımın fikirləri dağınıq deyil, yaşadığı o günlərin hər saniyəsini birərbirər danışır. Cırılmış albomdan yerə səpələnən fotolar tapırıq. Nicat fotodakıları tanıyır, qohumlarıdır, qonşularıdır. Həyacanlanmamaq olmur. Bu itki ev itkisi, torpaq itkisi, Vətən, insan itkisi ilə yanaşı ömür itkisidir. 30 ilini itirən Nicat xarabalığa çevrilmiş evdə yaşadıqlarını saniyə-saniyə toplamağa çalışır. Getmək istəmirik. Elə buradaca qala bilərik deyirik. Həqiqətən qala bilərik, səhərə qədər bir ayaq üstündəcə dayanıb itirilmiş ömrümüzə heç olmasa xəyalən qayıtmaq istəyi bizi elə çuğlayıb ki...
Erməni uşağının atıb qaçdığı 2019-cu il tarixli orta məktəb dəftərləri və evimizdən tapdığmız açar
Övladlarının gələcəyini cəhənnəmə döndərən vəhşi ermənilər
Vəhşilər. Daşı, kəsəyi, dəmiri də yeyiblər. Yeyiblər, yeyiblər, sonra partlamaya düşüb darmadağın olublar. Özləri ilə barəbər erməni xalqının gələcəyini də məhv ediblər. Başqa bir evin həyətindən ermənicə yazılan dəftərlər tapırıq, şagird dəftəridir, içərisində orta məktəbin riyaziyyat, fizika, rus dili fənlərinə aid tapşırıqlar yazılıb. Tarix axtarırıq, 2019-cu il rəqəmini görəndə özümüzü eyni anda “kül olsun başınıza” deməkdən saxlaya bilmirik. Övladlarının taleyini düşünə bilməyəcək qədər abdal erməni, sən cəhənnəm adamısan, murdar xislətli, pis niyyətlisən, heç Şuşa cənnəti sona qədər qismətin ola bilərdimi?.. Cənnət yaxşı adamlar üçün qurulub. Bağ-bağat, hələ də üstündə meyvələr olan nəhəng ağaclar, füsunkar təbiət sizə verilə bilməzdi, onda ilahi məntiq sınardı, ilahi məntiqsə nəinki heç vaxt sınmır, heç üzərindn yel də ötmür. Budur, biz evimizə – cənnətə gəlmişik. Budur, siz evinizə – cəhənnəmə getmisiz.
Əziz həmkarlarınla Şuşada bir yerdə olmaq möcüzələr möcüzəsidir Şuşanın müqəddəs küçəsində 4 jurnalistin qarşılaşması Nobelə layiq romanın süjetidir
Şəhərin küçələrini gəzirik. Vallah əfasanədir gerçəkləşib, nə vaxtsa Şuşada həmkarlarımızla qarşılaşacağımızı bizə deyən olsaydı, əlimizi yelləyərək gülüb keçərdik. Budur, həmkarlarımız Anar Niftəliyevlə Elçin Zahiroğlunun Ağadədli məhləsinə doğru qalxdığını görürük. Nicatgilinevini tapdığımızı, bu dəqiqə oradan gəldiyimizi eşidəndə, “nə xoşbəxt adamsız” deyib, birlikdə gəzməyi təklif edirlər. Saniyələrimizi boşa verə bilmərik. Bir neçə saatı Şuşa ilə təmasda doya-doya yaşamalıyıq. Yaşayırıq, amma doymuruq.
Deyirəm ki, bu meyvələrlə qidalanaraq Şuşanın bir küncündə ilişib qalaq
Qayıtmaq istəmirik. Qalmağın mümkünsüzlüyünü də bilirik. Jurnalistin hər saniyəsi gərək iş başında keçsin. Biz Şuşaya konfransa gəlmişik, sanatoriyaya yox. Belə olmağına baxmayın, sanatoriyada dincəlmiş kimi geri dönürük. Gümrahıq, həyat doluyuq, həvəsliyik – xoşbəxtik. Təəssüratımı anam və qardaşımla bölüşəndəsə, onların gülümsəməyindən oxudum: Bizsə 5 gün Şuşada qalmışıq. Bu da jurnalist oğulun cavabı: Bizsə əbədi Şuşada qalacağıq. Ceyhun Musaoğlu Bakı – Füzuli – Şuşa