"Slovakiyanın "Slovan" (Bratislava) komandasını keçəndən sonra nəsə demək olar. Növbəti raunddakı rəqibləri peşəkarcasına təhlil edəcək qədər yaxşı tanımıram".
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Henri Vinqo UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri barədə danışarkən deyib.
Macarıstan çempionu II təsnifat mərhələsində "Slovan"ı mübarizədən kənarlaşdıracağı təqdirdə, "Qarabağ" - "Sürix" (İsveçrə) cütünün qalibi ilə üz-üzə gələcək.
27 yaşlı yarımmüdafiəçi uzaq yoldan qaçmaq üçün İsveçrə təmsilçisinin münasib rəqib olacağını bildirib: "Hər hansı matça saatlarla səyahət etmək yaxşı deyil. Bu, Azərbaycanda bizi gözləyə bilər. Amma hələlik növbəti komandalar haqqında düşünmək ayıbdır".
Qeyd edək ki, "Ferentsvaroş" və "Slovan" komandaları arasında Macarıstanda keçiriləcək ilk oyun iyulun 20-də olacaq.
"Qarabağ" isə bu gün Bakıda "Sürix"i qəbul edəcək. Görüş saat 20:00-da start götürəcək.