AZ   |   RU
Putinin Yaxın Şərqə səfər edən Baydenə cavabı gecikmədi – sabah Tehranda nələr müzakirə olunacaq?

Xəbər verdiyimiz kimi, iyulun 19-da Rusiya prezidenti Vladimir Putin, Türkiyə lideri Rəcəp Tayyib Ərdoğan və İranın dövlət başçısı İbrahim Rəisi Tehranda üçtərəfli və təkbətək görüş keçirəcəklər. Çox ehtimal ki, görüş zamanı dövlət başçıları Cənubi Qafqaz və Yaxın Şərqdə gedən prosesləri  müzakirə edəcəklər. 

Regionun üç nüfuzlu liderinin tarixi görüşü Cənubi Qafqazın və Yaxın Şərqin gələcək taleyində hansı rolu oynaya bilər? 

Məlumdur ki, Ukraynadakı müharibənin gedişatından asılı olmayaraq, Rusiya Suriyadakı aktivliyini hələ də qoruyub saxlamaqda davam edir. Ankara isə son zamanlar Suriyadakı aktivliyini artıraraq, bölgədə aniterror əməliyyatlarına start verib. Bu əməliyyatlar zamanı artıq xeyli sayda terrorçu zərərsizləşdirilib. Həmçinin Türkiyə Suriyada nəzarət etdiyi ərazilərin miqyasını genişləndirmək niyyətindədir. Bu, təbii olaraq,  Moskvanı narahat etməyə bilməz. Çünki Rusiya Ukraynada müharibə aparmasına baxmayaraq, Yaxın Şərqi əlindən buraxmaq niyyətində deyil. 

Türkiyənin bölgədə güclənməsi Rusiyanın planlarına uyğun gəlmədiyindən,  Moskva nə olur-olsun,  Cənubi Qafqaza nəzarəti də əldən vermək istəmir. Moskvanın hansı niyyətdə olmasından asılı olmayaraq Türkiyənin artıq bölgədə yerləşdiyini qeyd edə bilərik. 44 günlük Vətən Müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi açıq siyasi dəstək buna bariz nümunədir. Hazırda da Bakı və Ankara arasında bütün müstəvilərdə paralel şəkildə işbirliyinin aparılmasını görürük. Rusiya da daxil olmaqla, dünyanın bütün aparıcı dövlətləri bilir ki, Türkiyə Cənubi Qafqazdadır.

Bundan əlavə Putinin İbrahim Rəisi ilə müzakirə edəcəyi əsas məsələ Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan İran vasitəsilə xilas olması ola bilər. Çünki Rusiyadan əvvəl Qərb İrana nüvə məsələsi ilə bağlı ağır sanksiyalar tətbiq etmişdi. Bu sanksiyalar demək olar ki, hələ də qüvvədədir. Lakin buna baxmayaraq İran hakimiyyəti sanksiyalardan yayınmaq üçün müxtəlif effektiv vasitələrdən istifadə edib və istədiyi nəticəni alıb. Rusiyanın  bu məsələdə İranın təcrübəsindən  istifadə etməsi gözlənilə bilər.

Bu ərəfədə ABŞ prezidenti Co Baydenin Tehranda keçiriləcək Putin-Ərdoğan-Rəisi görüşü öncəsi Yaxın Şərqə səfərini də təsadüfi hesab etmək olmaz.
Bayden bölgəyə səfər tutuna  İsraildən start verib. Çox ehtimal ki, Tel-Əvivdə Baydenin İsrail prezidenti İsaq Hersoqla əsas müzakirə mövzusu İranın bölgədəki təhlükəli hərbi fəaliyyətləri və Tehranın nüvə məsələsi ilə bağlı olub. ABŞ lideri İsraildən sonra isə Səudiyyə Ərəbistanına səfər edib. 

Bildiyimiz kimi, Səudiyyə Ərəbistanı dünyada neft istehsalına görə ilk pillədədir. Baydenin də məhz  Sudiyyəyə səfərinin əsas məqsədi Ər-Riyaddan neft hasilatını artırmasını tələb etməsi ola bilər. Çünki neft hasilatının artması onun qiymətinin aşağı enməsinə təsir göstərir. Əgər Vaşinqton bu məsələdə Ər-Riyadla uzlaşa bilsə, o zaman dünyada neft qiymətlərinin aşağı düşməsinin şahidi olacağıq. Bu isə iqtisadiyyatı neft və qaz istehsalından asılı olan Rusiyaya ciddi təsir edəcək. Əgər neftin qiyməti indiki vəziyyətdə bareli 100 dollardan baha olacaqsa, Rusiyanın iqtisadiyyatının tənəzzül edəcəyi bir qədər çətin görünür. Ərəbistanın isə Vaşinqtonun bu tələbinə hansı reaksiyanı verdiyini indidən söyləmək çətindir. Ər-Riyadın Baydenlə görüşdə hansı qərar verdiyini çox yəqin ki,  yaxın günlərdə məlum olacaqdır.


Daşqın Həsənov 
Missiya.Az

  • 18-07-2022, 19:31