AZ   |   RU
Türk Ağsaqqalları Birliyi – TAİB gənclərə geniş fəaliyyət meydanı yaradır - Daha bir səmərəli görüş keçirildi - Fotolar


Bu gün Türk Ağsaqqalları Birliyi-TAİB-in ofisində təşkilatın İdarə Heyətinin bir qrup üzvü ilə gənclərin görüşü keçirilib.
 
Görüşdə “Türk Mədəni Cəmiyyəti”nin üzvləri, ictimai-fəal tələbələr, ağsaqqallardan sabiq dövlət qulluqçuları, ictimai nüfuzlu şəxslər, ədiblər iştirak edirdilər.
 
Təşkilatın İdarə Heyətinin iclaslarında önəmli olan məsələlərdən biri də məhz TAİB-in qadınlar və gənclər qolunun yaradılması olub. Artıq bu məsələ ilə bağlı konkret addımlar atılır, müzakirələr aparılır, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən gənclərlə davamlı görüşlər keçirilir.
 
İyulun 8-də Beynəlxalq Muğam Mərkəzində “Ağsaqqaların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq Forumu”ndan sonra isə təşkilatın İdarə Heyəti  bu məsələ ilə bağlı işləri sürətləndirib. Forumun keçirilməsində əsas məqsəd ağsaqqalların və veteranların təmsil olunduğu QHT-lərin aktivliyini artırmaq, onlar arasında əməkdaşlığı gücləndirmək, milli maraqlarımızın qorunması və təbliğində gənc nəslin veteran və ağsaqqalların təcrübəsindən, dünyagörüşündən faydalanmasına stimul vermək, dövlət maraqlarımızın müdafiəsində cəmiyyətdəki birlik,  bərabərliyin daha da güclənməsinə nail olmaq idi.
 
Qeyd edək ki, sözügedən forumda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev öz çıxışında ağsaqqalların və  veteranların cəmiyyətdəki roluna diqqət çəkərək, QHT-lər və gənclər arasında əməkdaşlığın genişlənməsinin zəruriliyinə toxunmuşdu. Gənclərlə iş istiqamətinə həmişə üstünlük verən TAİB təmsilçiləri Forumda qaldırılmış məsələri də nəzərə alaraq gənclərlə işin təşkilini daha da sürətləndirmək qərarına gəliblər.
 
Gənclərlə görüşdə TAİB üzvləri gənclərlə birgə layihələrə imza atmaq üçün təşkilatda gənclərin təmsil olunmaqlarının əhəmiyyətindən danışıblar.
 
Çıxışçılar qeyd ediblər ki, gənclərin milli maraqlarımız, Vətənin və xalqın mənafeyinə naminə daha böyük işlər görməsi üçün əməkdaşlığa cəlb edilməsi vacib amillərdən biridir. Vurğulanıb ki, TAİB-in İdarə Heyəti  gənclərin təşkilatda təmsil olunaraq pis vərdişli gəncləri doğru yola çəkmək, erkən nigahların qarşısının alınmasında dövlətə dəstək vermək üçün  ağsaqqallarla birgə fəaliyyətləri uğurlu nəticələr vəd edir. Qeyd olunub ki,  başqa gənclər təşkilatları ilə də əməkdaşlığın güclənməsi, onların ictimaiyyətlə təmaslarının daha da genişlənməsi, türk dünyasının aktiv gənclərilə sıx əlaqələri təmin etmək üçün gərəkən addımlar atılacaq.
 
Tədbirdə söz alan gənclər öz çıxışlarında bildiriblər ki, bu gün Azərbaycan gəncliyi dövlət proqramlarından bəhrələnərək səmərəli işlər görməyə, gənc nəslin vətənprəvərlik tərbiyəsinin gücləndirilməsi, onların fəaliyyətinin milli maraqlarımız zəminində təşkilində öz rollarını artırmağa, daha mütəşəkkil və koordinasiyalı fəaliyyət göstərməyə çalışır. Vurğulanıb ki, türk xalqı olaraq mədəni irsimizin qorunması, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, türk birliyinin güclənməsi yönündə ağsaqqallarla birgə daha böyük layihələrə imza atmaq  niyyətindədirlər. Gənclər bildiriblər ki, belə bir tədbirdə ağsaqqallarla birgə fikir mübadiləsi aparmaq, onların tövsiyyələrini dinləmək böyük şərəf verir.
 
Gənclər həmçinin indiyə qədər gördükləri işlərdən, səmərəli fəaliyyətlərindən də söz açıblar.
 
Qeyd edək ki, Türk Ağsaqqalları Birliyi sentyabrın əvvəllərində gənclər qolunun yaradılması ilə bağlı böyük konfrans təşkil edəcək və həmin konfransda təşkilatın gənclər birliyinə sədr seçiləcək.





  • 13-07-2022, 17:58