AZ   |   RU
Narkotik qəbul etdi, soyuducusu olmayan avtomobildə "dönər əti" apardı - Daha bir narkoman sürücü ifşa olundu


 Narkotik vasitənin təsir altında soyuducu sistemi olmayan avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub.

Missiya.Az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bu psixotrop maddənin təsiri altında avtomobil idarə edən Mürvət Orucovun qanunazidd əməllərinin qarşısı alınıb.

“Ford” markalı, 77-FB-235 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Mürvət Orucov Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşlarının nəzarəti ilə stasionar postda saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Mürvət Orucovun narkotik maddə qəbul etməsi müəyyənləşib və o, narkotik istifadəçisi olduğunu özü də etiraf edib.

Qeyd edək ki, nəqliyyat vasitəinin yük hissəsinə baxış keçirilən zaman soyuducu sistemi olmadan, anti-sanitar qaydada və digər qeyri-qida məhsulları ilə biryerdə daşınan xeyli sayda dönər üçün xüsusi hazırlanmış ətlər aşkar edilib. Məsələ ilə bağlı dərhal Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib və aşkarlanan məhsullar aidiyyəti üzrə təhvil verilib.

Mürvət Orucovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati  protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Zərintac Mayisqızı

Missiya.Az



  • 13-07-2022, 16:48