AZ   |   RU
Ukrayna üçün fəlakət anonsu - Avropanın ortasındakı "Suriya": Rusiya niyə çökmədi?

“Hamı bilməlidir ki, biz hələ ciddi heç nəyə başlamamışıq”.

Missiya.Az
 xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasında fraksiya liderləri ilə görüşdə deyib.

Putin çıxışında vurğulayıb ki, Ukrayna siyasi rəhbərliyinin “son ukraynalıya qədər döyüşəcəyik” kimi bəyanatları bütün Ukrayna xalqı üçün faciədir, lakin belə görünür ki, bu qaçılmaz olacaq.

Qərb və Rusiyanın maraqlarındakı ziddiyət, hər zaman soyuq və ya silahlı münaqişələrlə nəticələnib.. Bu fikir ayrılıqları özünü iqtisadi və siyasi sanskiyalar, həm qarşı tərəf, həm də müttəfiqlərlə diplomatik əlaqələrin azaldılması, bəzən də sadəcə təhdid dolu bəyanatlarla müşahidə olunub.

2-ci dünya müharibəsindən sonra başlayan “soyuq müharibə” iki qütb arasındakı mövcud vəziyyəti uzun illər stabil saxladı. Lakin bu stabillik ayrı-ayrı vaxtlarda gərginliyin daha da artması ilə alovlu münaqişələrə çevrildi.

Qərb və Rusiya arasında güc savaşı, silahlı toqquşmalar dünyada yeni münaqişə ocaqları yaradıb. Əfqanıstan, Suriya, Liviya, Misir, Kosova bu iki dünya nəhənginin maraqlarını təmin etmək üçün gövdə nümayişi meydanına çevrilib. Son olaraq delimilitarizasiya, sərhədlərdə raket təhlükəsizliyi sahəsində olan anlaşılmazlıqlar iki tərəfi Ukraynada qarşı-qarşıya gətirdi.

Son illərdə Ukraynada gedən siyasi-ictimai proseslər, əvvəlkindən fərqli olaraq Qərb yönümlü, Avropa İttifaqı, NATO kimi təşkilatlarla yaxınlaşmaq siyasəti aparan hakimiyyətin olması, ən əsası Rusiya ilə təhlükəsizlik və ərazi mübahisələri iki ölkə arasında müharibə ilə nəticələndi.

Müharibənin baş vermə səbəblərindən biri də Ukrayna prezidenti Vladimir Zelenskinin öz xələflərindən fərli olaraq qlobal arenada Rusiyadan asılı olmayan xarici siyasət yeritmək istəməsidir. Artıq 5 aydır davam edən və 21-ci əsrin ən böyük silahlı toqquşması hesab edilən Rusiya-Ukrayna müharibəsi bilavasitə də olsa NATO-Rusiya qarşıdurması yaradıb. Bu müharibə eyni zamanda hər iki tərəfin müttəfiqlik və liderlik siyasətini də ortaya qoydu. Aİ və NATO-un həm iqtisadi, həm hərbi, həm də siyasi arenada olan dəstəyi Ukraynanı Rusiyanın qarşısına çıxmağa daha da ümidləndirdi.

Bu gün isə görürük ki, müharibənin gedişatı onun haqqında proqnozlar verən ekspertlərin və siyasətçilərin fikirləri ilə üst-üstə düşmədi. Əməliyyatların başlandığı 24 fevral tarixindən etibarən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, bütün sahələrdə təcrid edilməsi Rusiyanın müharibədən əvvəlki mövqeyində dəyişiklik edə bilmədi. Bir neçə gün əvvəl “LXR” və “DXR”-ın öz nəzarətinə keçdiyini açıqlayan Rusiya əsas hədəflərinə çatdıqlarını qeyd edib. Ukrayna üçün getdikcə pisləşən vəziyyət isə Zelenskini daha da çıxılmaz vəziyyətə salıb.

Bütün bunlar isə Qərb və Avropa tərəfindən Rusiyanın iqtisadi və hərbi potensialının, imkanlarının düzgün qiymətləndirilmədiyini göstərir. Vladimir Putinin bu gün Dövlət Dumasında fraksiya liderləri ilə görüşdə NATO-nu bir daha təhdid edərək “Biz hələ heç nəyə başlamamışıq” sözləri ilə çıxış etməsi hər şeyin Rusiya üçün qənaətbəxş olduğunu göstərir.

Sülh prossesinin gecikməsinin Ukrayna xalqı üçün faciəvi nəticələrə gətirib çıxaracağını deyən Putin əslində hakimiyyət-xalq inamının müharibənin əvvəlindəki kimi olmadığına işarə edir. Avropanın əsas qaz və neft tədarükçüsü Rusiyanın geniş sanskiya paketəri qarşısında iqtisadiyyatını dayanıqlı saxlaması və bu asılılığı öz leyhinə istifadə etməsi şimala doğru genişlənmə planı olan NATO-nu danışıqlara getməyə məcbur edir.

NATO-un dəstəyinin yalnız sözdə olacağını və Rusiyaya birbaşa müdaxilədən çəkinəcəyini əvvəldən xəbərdar edən Putin uzanacağı halda əməliyyatları daha da genişləndirəcəyini və Rusiyanın əsas gücünü göstərəcəyini işarə edib. NATO daxilində də parçalanma və fikir ayrılıqlarının olduğu bir zamanda Rusiya liderinin bu iddialı açıqlamaları münaqişənin taleyi ilə bağlı fikirləri artıq formalaşdırır. Aİ-nin əsas aparıcı fiqurlarından Britaniyanın baş naziri Boris Consonun istefası Rusiyaya qarşı həmrəylik nümayiş etdirməyə çalışan Avropanı daha da çətin situasiyaya sürükləyib.

Müharibənin ilk günlərindən “Ukrayna meydanda tək qalacaq” proqnazları artıq özünü doğrultmaqdadır. Zelenski ölkənin potensialını düzgün qiymətləndirə bilməməsi, Qərbin Rusiyanı çökdürmək niyyəti fonunda Rusiyanın xarici siyasətində heç bir dəyişiklik olmaması Rusiyanın bu münaqişəyə uzun müddət və bütün sahələrdə yaxşı hazırlaşdığını göstərir.

Təəssüf doğuran odur ki, bu gün Ukrayna Suriyanın aqibətini yaşayır. Avropanın ortasında qanlı məngənə yaranıb. Rusiyanın imperialist maraqları ilə Zelemskinin naşılığı, reallığı düzgün qiymətləndirmədən atdığı kortəbii addımlar böyük bir xalqa fəlakət yaşadır. Bir balaca siyasətdən anlayışı olanlara, geosiyasi gedişatı qiymətləndirə bilənlərə gün kimi aydın idi ki, Zelenski doğru zaman seçməyib. Rusiyanın 20 günə çökəcəyini deyənlərin təsiri altınana düşüb bütöv bir ölkəni taleyin ümidinə buxmaq olmazdı. Zelenski buna getdi...

Teymur Aslanov
Missiya.Az


  • 8-07-2022, 17:49